"Ruslar erməniləri razı salmaq məqsədi ilə bu addımı atırlar" - Hərbi ekspert

 16:01 05.12.2022     583

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməməsinə etiraz edib. Nazirlikdən Rusiya tərəfinin nəzərinə çatdırılıb ki, "Dağlıq Qarabağ ərazisi" kimi qeyd etdikləri ərazi Qarabağ iqtisadi rayonudur, "Stepanakert", "Mardakert”, "Martuni" və "Madagiz" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq Xankəndi, Ağdərə, Xocavənd və Suqovuşandır. 

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin ölkəmizə müvəqqəti yerləşdirilən sülhməramlılarının gündəlik fəaliyyətinə dair paylaşdığı xəritədə "Dağlıq Qarabağ" ifadəsindən başqa digər yerlər Azərbaycan dilində qeyd olunub. 

Bəs, “Dağlıq Qarabağ” ifadəsini saxlamaqda Rusiyanın məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Rusiya burada bir qədər özünün xəttinin olmasını istəyir. Onun sözlərinə görə,ruslar hər dəfə çalışırlar ki, hansısa bir istiqamətdə özlərinin də fikri olsun:

"Hər halda bəllidir ki, Azərbaycanda "Dağlıq Qarabağ" adında bölgə yoxdur, Qarabağ var. Biz özümüz Qarabağın dağlıq hissəsi, aran hissəsi kimi istifadə edə bilərik. Bu cür təqdimat olarsa, bu daha doğrudur. Düşünürəm ki, qismən də olsa, erməniləri razı salmaq məqsədi ilə belə bir addım atırlar. Yəni bir işi sona qədər normal görmürlər".

Ekspert qeyd etdi ki, Rusiyanın Cənubi Qafqaz siyasətində ikibaşlı oyun, riyakar yanaşmalar hər zaman olub və bu gün də var.

"Hesab edirəm ki, bu da ikibaşlı oyunun, siyasətin tərkib hissəsidir. Ya birmənalı olaraq, rəsmi formada təqdimat olmalıdır, ya da ki, öz mövqeyini konkret şəkildə bildirməlisən. Hər bir halda Rusiya əgər Azərbaycanla strateji tərəfdaş və Müstəqil Dövlətlər Birliyi təşkilatında üzv ölkədirsə, Azərbaycanın rəsmi mövqeyini dəstəkləməli, nəzərə almalıdır. Əks təqdirdə burada hansı strateji əməkdaşlıqdan, tərəfdaşlıqdan söhbət gedə bilər? Rusiya Cənubi Qafqazla bağlı siyasətində xüsusən də Azərbaycanla bağlı siyasətində ciddi düzəlişlər etməli və ədalətli mövqeyini orada hansısa bir xətti nəzərə almaq şərti ilə deyil, birmənalı olaraq dəstəkləməlidir”,- deyə Ramil Məmmədli vurğuladı.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən