"Sülh müqaviləsi Alma-Ata bəyannaməsi əsasında imzalanacaq" - Lavrovdan AÇIQLAMA

 19:41 05.12.2022     435

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Alma-Ata bəyannaməsi əsasında imzalanacağını bildirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

“Moskva layihəsi çoxdan - bu ilin əvvəlində hazırlanıb və Rusiya Federasiyasının ümumi baza tapmağa kömək etmək istəyinin təsdiqi kimi tərəflərə təhvil verilib. Ümumilikdə müsbət qarşılandı. O vaxtdan bəri Azərbaycandan təkliflər olub - beş prinsip, Ermənistanın Baş naziri Nikol Paşinyandan reaksiya olub və ən son Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfəri zamanı Azərbaycan tərəfi başqa bir variantı təqdim edib. Ermənistan nümayəndələri ABŞ-dan qayıtdıqdan sonra cavab təkliflərini veriblər”, - Rusiya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Moskva hələ də yardım göstərməyə hazırdır:

“Burada, əlbəttə ki, əsas prinsipial məsələlərlə bağlı qərar vermək çox vacibdir. Bu mənada, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada əldə etdikləri razılıq, onların bütün problemlərin BMT Nizamnaməsi və 1991-ci il dekabr Alma-Ata Bəyannaməsi əsasında həllinə diqqət yetirdiklərini təsdiqləmələri mühüm əhəmiyyət kəsb edir".

Turan İSMAYIL