Fərdi identifikasiya nömrəsi tələbi qanunlara ziddir - Deputat

 12:21 06.12.2022     369

“Biz artıq partiyada göstəriş vermişik ki, qanun layihəsinin 20-ci maddəsinə uyğun olaraq partiya üzvlərinin fərdi identifikasiya nömrələri alınsın. Amma bu informasiya gizli, konfidensial informasiyadır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, bu, partiya üzvləri arasında narazılıq yaradır.

“Fərdi identifikasiya nömrəsi ilə hətta bir vətəndaş evdən oturub kredit götürə bilər. Bu konfidensial informasiyanı qorumaq üçün tələblər müəyyənləşib, Nazirlər Kabineti bunu təsdiqləyib. Partiyaların heç birinin o imkanı yoxdur ki, bu informasiyanın konfidensiallığını qoruya bilsin. Məncə, sadəcə partiya üzvlərinin adı soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Çünki fərdi identifikasiya nömrəsinin şəxsdən alınması qəbul etdiyimiz qanunlara da ziddir”, - deyə deputat qeyd edib.