"Vasif Talıbov düşünür ki, Bakıya dəvət olunub, yüksək vəzifə verilməlidir” - Deputat
“Naxçıvanda sadə insanlar mənə yaxınlaşırdılar ki, sənin statusun var, millət vəkilisən, vəziyyəti görürsən. Kəndlər boşalır, iş yerləri yoxdur. Hamı məndən iş istəyirdi ki, bizə kömək et. Hesab edirdim ki, bu barədə açıq danışım. Çalışırdım ki, bu zaman Vasif Talıbovu qıcıqlandıran formada etməyim".
Redaktor.az xəbər verir ki, bunu "Laf TV"yə müsahibəsində Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun fəaliyyəti barədə danışarkən bildirib.
"Söyləyirdim ki, naxçıvanlılar Azərbaycanın başqa bölgələrinə, hətta Rusiya, Ukrayna, Türkiyəyə səpənəliblər. Artıq İstanbulda azərbaycanlıların 3 məhləsi var ki, toyu da, yası da orada edirlər. Ölülərini Naxçıvana gətirmirlər, əlaqələri kəsilib. Bakıda da Naxçıvanın böyük kəndlərinin, Ordubadın, Nehrəmin qəbiristanlıqları var. Ona görə də bu artıq dövlətimizin təhlükəsizliyi məsələsi idi ki, Naxçıvan boşalmasın. Naxçıvan qapalı bir zonaya çevrilmişdi" - deyə millət vəkili qeyd edib.
Deputat əlavə edib ki, Vasif Talıbova çox böyük etimad var idi:
"Çox təəssüf ki, bu etimaddan sui-istifadə edildi. Naxçıvan faktiki surətdə boşaldıldı, boş qaldı.
İstənilən jurnalist getsin yoxlasın, evlərdə qaz var, amma insanlar o qazın pulunu ödəyə bilmədikləri üçün istifadə edə bilmirlər. Gedib odun gətirib yandırırlar. Naxçıvanın reallığı budur. Niyə Vasif Talıbov Naxçıvan əhalisinə qarşı belə qəddardır? O özünü qızıl qəfəsə salınmış şəxs hesab edir. Düşünür ki, çoxdan Bakıya dəvət olunub, yüksək vəzifə verilməlidir”.












