Əhməd Obalı deputatlarla Güney Azərbaycandakı vəziyyəti müzakirə etdi - FOTO

 16:56 06.12.2022     333

Sosial Tədqiqatlar Mərkəzində Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı ilə görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatları ilə milli fəal Əhməd Obalı arasında Güney Azərbaycandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Əhməd Obalı İran rejiminin Azərbaycan dili ilə bağlı qadağa məsələsini diqqətə çatdıraraq bunun ciddi problem olduğunu qeyd edib: “İran rejimi farsçılıq ideologiyasının üzərində qurulmuş dövlətdir. İranda fars dilini bilmək yetərliliyi ilə bağlı qanun qəbul edilib. Yəni İranda orta məktəbə gedən uşaq mütləq fars dilini bilməlidir. Bilməzsə, onlar özəl məktəblərə göndərilir. Hansı ki bu məktəbə getmək, az qala, təhqir kimi bir şeydir”.

Deputat Ziyafət Əsgərov isə İran-Ermənistan münasibətlərinə toxunub: “Baxmayaraq ki, dəfələrlə bəyanatlarda dostluq-qardaşlıq fikirləri səsləndirilir, amma biz bu illər ərzində münasibətdə dostluq-qardaşlıq amalı görmədik. Ən nəhayət, İranın Ermənistanın sərhədi ilə bağlı səsləndirdiyi "qırmızı xətt" məsələsi sözügedən münasibəti aydın formada izah edir”.

Çıxış edən deputat Cavanşir Paşazadə İranda gedən prosesləri Güney Azərbaycanın müstəqil olması üçün yaranmış şərait kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa İranı qonşuluq münasibətlərini pozmaqda günahlandırıb: "İran qonşu dövlət kimi qonşuluq münasibətlərinə əməl etmədi. Əksinə, bizə düşmən olan dövlətə davamlı dəstək oldu. İranda indi baş verənlər insanların hüquq mübarizəsidir. Və ən əsası, Cənubi Azərbaycandakı əhalinin çox böyük qismi, təəssüf ki, savadsız əhalidir. Bunu İran rejimi edib, doğrudur, amma bugünkü vəziyyətdə bu, sözügedən mübarizənin əleyhinə olan məsələdir".

Deputat Azərbaycanın daxilindəki İranmeyilli qüvvələrə diqqət çəkib: "Bizdə İranın cəhalət kolonu var. Bəli, biz güclü dövlətik, lakin bizdə, eyni zamanda, İran tərəfindən hazırlanmış cəhalət kolonu var. Bu isə hər zaman təhlükə deməkdir".

Fazil Mustafa Azərbaycanın hazırda daxili və xarici problemləri məsələsini vurğulayıb: “Azərbaycan güclü dövlətdir, bu, həqiqətdir. Lakin bizim hazırda tam sağalmamış yaramız var”.

Zahid Oruc Azərbaycanın qələbəsinə göstərilən münasibətdə dövlətlərin mövqeyini qeyd edib: "Mənim üçün 44 günlük müharibə hazırda başqa müstəvilərdə davam edir. Bizim qələbəmiz onlarla dövləti narahat edir. Təəssüf ki, bu dövlətlərdən biri də İrandır".

Deputat İrandakı hazırkı vəziyyətin bu dövlətin gələcəyinə təsir edəcəyini qeyd edib: "İran daha əvvəlki İran olmayacaq. Bu, dəqiqdir. Xalq savadsızdır deyə, savaş elan eləmək olmaz fikri, hesab edirəm ki, yanlışdır. Bunu bizə tarix göstərib, tarix sübut edib".

Çıxışlar bitdikdən sonra təkliflər ətrafında fikir mübadiləsi davam edib (apa).

Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib - FOTO