Lavrovun səsləndirdiyi sülh təklifi Azərbaycan üçün üstünlükdür - Konfliktoloq

 18:39 06.12.2022     448

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Alma-Ata bəyannaməsi əsasında imzalanacağını bildirib.

Sergey Lavrov bu barədə dünən azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

Bəs, Alma-Ata bəyannaməsində nələr əks olunub və bu bəyannamə əsasında imzalanacaq sülh müqaviləsi ölkəmiz üçün nə vəd edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirdi ki, bu bəyannamə 1991-ci ildə SSRİ-nin ləğv olunması ilə bağlı idi.

“1991-ci il 21 dekabr tarixində SSRİ-nin buraxılması və Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında proses başlayırdı. Müttəfiq respublikaların əksəriyyəti bir-birinin ardınca öz müstəqilliyini bəyan edib ittifaqdan çıxırdılar. O cümlədən Azərbaycan da 1991-ci il oktyabrın 8-də Müstəqillik haqqında Konstitusiya aktını qəbul etdi və faktiki olaraq ittifaqdan çıxdı. Müstəqil Dövlətlər Birliyinə gəlincə, formal da olsa, bu 15 respublika arasında əlaqələrin kəsilməməsi üçün bir qurum yaratmağı fikirləşirdilər. 15 respublikanın hər biri müstəqilliyini elan edib ittifaqdan çıxdıqdan sonra SSRİ-nin buraxılması üçün hər hansı bir hüquqi sənəd olmalı idi. 1991-ci il dekabrın 21-də Almatıda bu bəyannaməni qəbul etdilər”, - deyə konfliktoloq bildirdi.

Kərəm Məmmədovun fikrincə, Alma-Ata bəyannaməsi əsasında imzalanacaq yekun sülh müqaviləsi Azərbaycan üçün üstünlükdür.

“Bu bəyannamədə əsas məsələ iqtisadi, siyasi əlaqələrin tamamilə kəsilməməsi idi. Ən vacib, bu gün də gündəmdə olan isə ittifaq respublikaları müstəqilliklərini elan etdikdən sonra onların əraziləri heç bir dəyişikliyə məruz qala bilməz. Yəni sovet vaxtında hansı çərçivədə fəaliyyəti göstərirdisə, müstəqillik dövründə də eyni sərhədlər çərçivəsində fəaliyyət göstərirlər. Həmin bəyanatda bildirilir ki, heç bir respublikanın ərazisi dəyişdirilə bilməz. Bizim də bu gün istəyimiz nədir? Həmin sərhədlər çərçivəsində Ermənistanın bizim ərazi bütövlüyümüzü qəbul etməsi. Məsələ bununla da bitir”, - deyə o, vurğuladı.

Nərmin VÜQARQIZI