Deputat Xocalıdakı görüşdən danışdı: "Ərazimizin hər bir qarışına nəzarət etməliyik"

 16:27 07.12.2022     401

Xəbər verdiyimiz kimi, bu gün Xocalıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri keçirilib.

Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycan nümayəndələri ekoloji monitorinq aparmaqla bağlı Xocalıda danışıqlar aparıb, görüş konstruktiv ruhda keçib.

Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov bildirdi ki, bu cür görüşlər Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir.

Artıq bu, birinci dəfə deyil, bir neçənci dəfədir. İlk dəfə Suqovuşan istiqamətində belə bir missiya yerinə yetirildi. Bundan əvvəl də yenə Laçın dəhlizi, Şuşa istiqamətində oldu. İndi yenidən nazirliyin nümayəndələri növbəti dəfə Qarabağa səfər ediblər. Bu, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Bu gedişlərin sayı getdikcə də artırılmalıdır. İnşallah artacaq da. Çünki biz ərazimizin hər bir qarışına, nöqtəsinə nəzarət etməliyik. 30 il ərzində ərazimizdə baş verən talançılıqlar, yeraltı, yerüstü sərvətlərimizin talan edilməsi indi həmin ermənilərin nəzarəti altında qalan ərazidə hələ də davam etdirilir. Və burada ermənilərlə birlikdə əlbir fəaliyyət göstərən bir sıra xarici dövlətlərin şirkətləri də talançılıqla məşğuldurlar. Bax, bizim həmin nümayəndələrin ora getməsi, araşdırma aparması, nəzarət etməsi bunun qarşısının alınmasına yönəlibdir”, - deyə deputat qeyd etdi.

Həmidə İbrahimova