"Özünü toxunulmaz kastanın üzvü kimi aparanlar hüququn sərt üzünü görürlər" - Zahid Oruc

 18:41 07.12.2022     359

"Baş Prokurorluğun Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün prezidentin tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən qiymət verməsi mühüm hadisəydi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.

O, vurğulayıb ki, hərbi sistemdə mövqe tutan şəxslərin, o cümlədən həmin əməllərə anındaca qiymət verməli olan istintaq qrupunun və hakimlərin ağır mirası indi yüzlərlə ailənin, cəmiyyətin ədalətli qərarı ölkə rəhbərindən gözləməsinin başlıca səbəbidir:

"Prezidentin etimadını itirən, rütbəsindən və dövləti mövqeyindən asılı olmayaraq, hər kəsə qarşı güzəşt limiti bitib. Cəzasızlıq mühitində və ya özünü toxunulmaz kastanın üzvü kimi aparanlar hüququn sərt üzünü görürlər. Vəzifə mövqeyindən sui istifadə edənlərə qarşı tədbirlər sərtləşdirilib, lakin bütün dövlət qulluqçularını və hakimiyyəin müxtəlif qollarında xalqa xidmət edən on minlərlə insanı informasiya vasitələrində, sosial mediada və ictimai fikirdə linç etmə tendensiyaları da artıb".

Komitə sədri qeyd edib ki, bəraət hökmləri sahəsində rəqəmlərin azlığı hər yerdə vurğulanır və hüquqi tədbirlər tələb edir.

"Ötən günlərdə, Ədliyyə orqanları ilə birgə keçirilən tədbirdə rəsmi şəxslərin 1 milyon 200 minədək məhkəmə qərarının icrasını gözləməsi ilə bağlı verdiyi məlumatlar bizi narahat etməlidir. Dövlət adından çıxarılan qərar və qətnamələrin taleyi millətin mövqeyini, ictimai birgəyaşıyı, sosial ədaləti müəyyən edir", - deyə Zahid Oruc bildirib.

Turan İSMAYIL