Avropa İttifaqı missiyasının Ermənistanda qalması Rusiyaya sərf edir - Deputat

 17:01 08.12.2022     440

“Ermənistan Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilərin olmasında maraqlıdır”.

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, bu, mümkün eskalasiyanın qarşısını alacaq. Nazir vurğulayıb ki, KTMT və ATƏT nümayəndələri artıq sərhəddə olublar, Avropa İttifaqının (Aİ) missiyasının mandatı hələ başa çatmayıb.

Bəs, Ermənistanın sərhəddə beynəlxalq təşkilatçıların olmasında marağı nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Sahib Əliyev bildirdi ki, Ermənistan revanşizmə can atır və bunun üçün də ayrı-ayrı ölkələrdən silah-sursat almağa çalışır.

“Azərbaycana yanaşmada Ermənistandan da düşmən mövqedə dayanan İranın hətta onlara 600 raket hədiyyə etdiyi bildirilir. Rəsmi İrəvan bu fikirdədir ki, həmin missiyanın orada varlığı onların yenidən Azərbaycan sərhədləri yaxınlığında cəmləşdirdikləri qüvvələrin zərərsizləşdirilməsinin qarşısını alacaq. Xatırlayırsınızsa, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev xəbərdarlıq edib ki, əgər biz görsək ki, yenidən təhlükəsizliyimiz üçün Ermənistan təhdid yaradır, onda preventiv addımlar atmaqla bunun qarşısını alacağıq. İndi Ermənistan rəhbərliyindəkilər bu fikirdədirlər ki, missiyanın orada olması, qalma müddətinin uzadılması Azərbaycanı belə bir addım atmaqdan çəkindirəcək. Amma yanılırlar. Azərbaycan Prezidenti dəfələrlə göstərib ki, söhbət əgər milli maraqların təmin olunmasından gedirsə və beynəlxalq hüquqa dayanaraq özünü, təhlükəsizliyini qorumaq haqqından gedirsə, onu çəkindirəcək heç nə yoxdur, ola da bilməz”, - deyə deputat vurğuladı.

Millət vəkilinin sözlərinə görə, Aİ missiyasının Ermənistan ərazisində olması Rusiyaya sərf edir:

“Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqı adından Ermənistana missiya göndərməkdə və qalma vaxtını uzatmağa çalışmaqda məqsədi nədir? Azərbaycan-Ermənistan sərhədində rəsmi İrəvanın arzuladığı vəziyyəti təmin etmək. Burada hələlik Rusiyanın marağına cavab verməyən nə isə varmı? Yoxdur. Əksinə sərhəddə gərginlik yarananda Rusiyanın müttəfiq, KTMT-nin isə sipər kimi gərərksizliyi meydana çıxırdı. Forpostdakılar Moskvaya donquldanırdılar. Avropa İttifaqı missiyasının orada olması hələlik belə donqultuların qarşısını almaq baxımından Rusiyaya sərf edirmi, edir”.

Nərmin VÜQARQIZI