"Sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb" - Qriqoryan
"İrəvanla Bakı arasında sülh müqaviləsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması barədə razılıq əldə olunub".
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Assambleyada deputat Aqnes Xamoyanın sualını cavablandırarkən deyib.
Qriqoryan qeyd edib ki, “sülh müqaviləsi”nin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.
Sülh sazişinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, - Qriqoryan bildirib.
"Söhbət Dağlıq Qarabağ problemlərindən, sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir. Bu məsələlərlə bağlı müzakirələr davam edir", o bildirib.
O qeyd edib ki, bütün bu problemli məqamlar Ermənistan əhalisinə məlumdur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 2022-ci ilin martında Bakı İrəvana münasibətlərin normallaşdırılmasına dair beş bənddən ibarət təkliflərini verib. Erməni tərəfi düzəlişlər edib, öz versiyasını göndərib. O vaxtdan bəri tərəflər müxtəlif səviyyələrdə danışıqların bir neçə raundundan keçiblər.
Bu günlərdə Bakı sülh müqaviləsi layihəsini təqdim edib, İrəvan mətn üzərində işləyir. Daha əvvəl deyilirdi ki, sənəd 2022-ci ilin sonunda imzalana bilər.
Tunar Altunbay












