Azərbaycan Ordusu erməni mifini məhv etdi
Hər birimizə məlum olduğu kimi, Birinci Qarabağ müharibəsindən sonra ermənilər özlərindən müxtəlif miflər yaradaraq erməniləri “qəhrəman xalq”, “döyüşkən xalq” kimi dünyaya tanıtdırmağa çalışırdılar.
Ermənilər atdıqları hər addımda Azərbaycan xalqının tarixini və mədəniyyətini saxtalaşdıraraq özününkiləşdirirdilər. Onlar Azərbaycan xalqını məğlub xalq kimi, ölkəmizi isə heç bir hərbi qüdrəti olmayan və yalnız ticarətlə məşğul olan bir dövlət kimi qələmə verirdilər. Ermənilər işğal dövründə qanunsuz olaraq Azərbaycan ərazilərində istehkam sədləri düzəldərək “Ohanyan səddi” adı veribdirlər.
Ölkəmiz Birinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna start verdi. Azərbaycanlı gənclər dünyanın, xüsusi ilə Türkiyə Respublikasının ali hərbi məktəblərinə təhsil üçün göndərildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalı ən müasir silahlarla zənginləşdirildi. Azərbaycan Müdafiə Sanayesi Nazirliyi yaradıldı. Müxtəlif təyinatlı Azərbaycan istehsalı olan silahlar ordumuzun istifadəsinə verildi. Nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrildi.
Azərbaycan Ordusu öz gücünü düşmənə Vətən Müharibəsindən əvvəldə dəfələrlə sübut edib. Ancaq buna baxmayaraq düşmən ordusu 2020-ci il sentyabr ayının 27-də növbəti dəfə genişmiqyaslı təxribat törətməyə cəhd etdi. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Ordumuz bu təxribata cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlara start verdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyi böyük əhəmiyyət kəsb etmişdir. Vətən müharibəsində azərbaycanlı kimliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi.
44 Günlük Vətən müharibəsi Azərbaycanın gücü ilə yanaşı Ermənistanın mütiliyini, vassal dövlət olduğunu göstərdi. Müasir hərb tariximiz ordumuzun şücaətini dünyaya nümayiş etdirdi. Azərbaycan ordusunun Şuşa əməliyyatı dünyanın hərbi dairələrində böyük müzakirələrə səbəb olmuşdur. Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Azərbaycan Ermənistanı heç bir odlu silahdan istifadə etmədən əlbəyaxa döyüşdə belə məğlub edə bilər və etdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həmçinin,saxtakar erməni mifini də məhv etdi.
Altun Şeydayev
YAP Ağsu rayon təşkilatının sədr müavini












