"Milli hökumətin bərpası Güney Azərbaycan türklərinin əsas hədəflərindən biridir” - Politoloq

 16:02 12.12.2022     693

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür. 77 il öncə - 1945-ci il dekabrın 12-də (21 azər) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Lakin xalqın dəstəyini arxasına alan 21 Azər hərəkatı 1946-cı il dekabrın 12-də İran rejiminin xain planı ilə iflasa uğrayıb.

Bəs, bu gün İranda baş verən hadisələr yenidən Güney Azərbaycanda Milli Hökümətin qurulmasına zəmin yarada bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirdi ki, əslində Güney Azərbaycan türkləri bu hərəkata öz şüarları ilə qatılıb.

“Güney Azərbaycan türklərinin keçirdiyi etiraz aksiyalarının şüarı "Azadlıq, Ədalət, Milli Hökumət"dir. Yəni Azərbaycan türkü etiraz aksiyalarına bu şüarla qatılmaqla İranda demokratiya uğrunda mübarizənin yeni bir mərhələsini elan edir. Və İran cəmiyyəti üçün qurtuluş yolunun yalnız və yalnız demokratiyadan, milli hüquqların bərpa və təmin olunmasından keçdiyini bəyan edir. Ona görə də, 77 il öncə İranda mövcud olmuş, fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin ideyaları bu gün Güney Azərbaycan türklərinin milli hərəkatında əsas mövzu, məsələ olaraq qalmaqdadır. Bu hökumətin bərpası Güney Azərbaycan türklərinin milli hərəkatının hədəflərindən biridir”, - deyə təşkilat rəhbəri vurğuladı.

Həmidə İbrahimova