Deputatlardan Şuşadakı aksiyaya dəstək: "Sülhməramlılar separatçılarla işbirliyinə son qoymalıdır"

 15:49 12.12.2022     337

Bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində - Laçın dəhlizində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edib, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb ediblər.

Həmçinin aksiyaçılar tərəfindən erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilib, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatları Şuşada keçirlən aksiyanı dəstəklədilər.

Millət vəkili Aqil Abbas bildirdi ki, aksiya keçirmək hər birimizin hüququdur:

“Jurnalistlər, ictimai fəallar etiraz aksiyaları keçirirlər, bu, onların hüququdur. Necə yəni mən öz torpağımda istədiyim yerə gedə bilməyim? Üçtərəfli bəyannamədə var. Sülhməramlılar bəyannaməyə riayət etmirlər, onlar da vətəndaş olaraq etirazlarını bildirirlər, burada qeyri-adi bir şey yoxdur. Amma təbii ki, mən demirəm onlar nəyəsə nail olacaqlar, amma bu işi görməlidirlər”, - deyə Aqil Abbas qeyd etdi.

Deputat Elman Məmmədov isə bildirdi ki, Qarabağdakı Rusiya hərbçilərini heç vaxt sülhməramlı adlandırmaq olmaz:

“Rusiya Federasiyasının hərbi kontingentidir, bizə problem yaratmağa gəliblər və 2 ildir, problem yaradırlar. Bu aksiyanı, əlbəttə, alqışlayıram və arzu edirəm ki, o aksiyalar daha da kütləvi olsun, daha da güclü olsun. Qəribə, anormal bir situasiya yaranıb. Baxın, separatçılar, cinayətkarlar, terrorçular, bizi istəməyən xarici ölkə vətəndaşları, yəni dost məqsədi ilə gəlməyənlər - bunların hamısı Azərbaycan ərazisinə sülhməramlıların icazəsi və müşayiəti ilə sərbəst gəlib-gedə bilir, amma Azərbaycan vətəndaşları, jurnalistləri, ictimaiyyət nümayəndələri öz ərazisinə keçə bilmir. Bu, anormal bir vəziyyətdir və təbii ki, buna etiraz edənlər çox düz edirlər. Xarici İşlər Nazirliyimiz Rusiya Federasiyasının sülhməramlılarının bu yaramaz hərəkətləri haqqında nota verdi. Yəni onların yaramazlığı özünü bir daha dekabrın 10-da göstərdi. Vardanyanın pulu ilə, Vardanyanla birlikdə Azərbaycanın nümayəndə heyətinə qarşı törədilən təxribatlar onların razılığı olmadan keçirilə bilməzdi. Onların icazəsi olmadan təxribatlar baş verə bilməz. Təbii ki, razılığı verən də, təşkilatçılıq edən də Rusiya hərbi kontingentidi. Yəni bunlara qarşı bütün etiraz aksiyaları çox yerindədir və düzgündür”, - deyə deputat vurğuladı.

Deputat Ceyhun Məmmədovun fikrincə isə, Azərbaycan rəsmilərinin ermənilər tərəfindən qarşısının kəsilməsi və sülhməramlıların vəzifə öhdəliklərini yerinə yetirməməsi düşünülmüş bir aksiya - Azərbaycana qarşı atılan növbəti təxribat idi:  

“Bildiyiniz kimi, bir neçə gündür Azərbaycanın aidiyyəti qurumları ermənilərin qeyri-qanuni olaraq istismar elədikləri mədənlərə baxış keçirmək istiqamətində addımlar atırlar və sülhməramlılarla bir neçə danışıq həyata keçirildi. Nəticədə belə qərara gəlindi ki, Azərbaycan rəsmilərinin bu qanunsuz istismar olunan ərazilərə baxış keçirməsi üçün şərait yaradılacaq. Ancaq təəssüf ki, biz burada da sülhməramlıların separatçılarla işbirliyini gördük və təəssüf ki, Volkov öz sözünə, öz vədinə sadiq qalmadı və həmin ərazilərdə əvvəlcədən planlaşdırılmış formada ermənilərin iştirakı ilə Azərbaycanın rəsmi qurumlarına mane olmağa çalışdılar. Burada diqqət çəkən məqam odur ki, yəni orada həm Vardanyan, həm də Vitali Balasaryan və digərləri var idi. Bu, düşünülmüş bir aksiya idi və Azərbaycana qarşı atılmış növbəti bir təxribat idi. Yəni bu, növbəti dəfə onu göstərir ki, sülhməramlı missiya daha çox erməniməramlıdır və daha çox ermənilərin tərəfini, onların sevgisini, onların diqqətini qazanmağa çalışırlar. Amma burada sülhməramlı missiyanın əsas vəzifəsi sülhü qorumaq, xalqlar arasında etimadı bərpa etməkdir. Bu ərazilər bizim ərazilərimizdir. Burada sülhməramlılar müvəqqəti yerləşdiriblər. Ərazimizdə yaşayan ermənilər də bizim bərabərhüquqlu vətəndaşlarımızdır və belə addımların atılması, əlbəttə, qəbuledilməzdir”.

Parlamentari onu da bildirdi ki, Azərbaycan tərəfi - azərbaycanlılar, ictimai fəallar və ayrı-ayrı qurumların nümayəndələri məsələyə Şuşada bu formada öz reaksiya vermələri çox təqdirəlayiqdir:

“Belə də olmalı idi. Yəni biz gözümüz görə-görə şərait yarada bilmərik ki, sülhməramlılarla Rusiya tərəfindən bölgəyə göndərilən, cənab Prezidentin də qeyd etdiyi kimi, Rusiya xalqının pulunu oğurlayan bir şəxs indi gəlib Qarabağda azərbaycanlıların pulunu, azərbaycanlılara məxsus qızıl yataqlarını və oradakı sərvətləri oğurlasın. Ona görə, belə aksiyalar önəmlidir. Hesab edirəm ki, mən həmişə deyirəm, bütün işləri dövlət görməlidir, dövlət öz üzərinə düşəni edir və burada vətəndaş cəmiyyətləri, ictimai fəallar dövlətin yanında olmalı, fəal olmalı və bu məsələlərə reaksiya verməlidirlər. Azərbaycanda artıq bu ənənələr formalaşır. Bu, çox təqdirəlayiq haldır ki, həmin insanlar öz vətəndaş mövqelərini nümayiş etdirirlər və qarşı tərəfin bu addımlarına, təxribatlarına reaksiya verirlər. Ermənistan tərəfi, Qarabağ separatçıları, Rusiya sülhməramlıları da bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir. Biz sadəcə danışıqlar, sülh yolu ilə münasibətlərin tənzimlənməsinin tərəfdarıyıq. Amma bu kimi halları görəndə, əlbəttə, Azərbaycanın başqa reaksiyaları olacaq. Ona görə də, sülhməramlılar separatçılarla işbirliyinə son qoymalıdırlar. Eləcə də oradakı separatçılar, təxribatçılar da bilməlidirlər ki, Azərbaycan yenidən bir 30 il də səbir etməyəcək. Dövlətimiz bunun üçün bütün zəruri tədbirləri görəcək və Azərbaycan mütləq bu ərazidə baxış keçirilməlidir və sülhməramlılar da təxribatların qarşını qətiyyətlə almalıdırlar”, - deyə Ceyhun Məmmədov vurğuladı.

Nərmin VÜQARQIZI