"İranda mahiyyət etibarilə tamam başqa hadisələr baş verir" - Solmaz Tohidi
Bu gün Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür. 77 il öncə - 1945-ci il dekabrın 12-də (21 azər) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Lakin xalqın dəstəyini arxasına alan 21 Azər hərəkatı 1946-cı il dekabrın 12-də İran rejiminin xain planı ilə iflasa uğrayıb.
Bəs, bu gün İranda baş verən hadisələr yenidən Güney Azərbaycanda Milli Hökümətin qurulmasına zəmin yarada bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidi bildirdi ki, bu barədə danışmaq çox tezdir.
Onun sözlərinə görə, bu saat İranda baş verən hadisələrin tamam ayrı bir xarakteri var.
"Hadisələri qabaqlamayaq. Hazırda İranda tək azərbaycanlılar yox, bütün İran xalqları ölkənin mövcud rejiminə, hakimiyyətə qarşı etiraza qalxıblar. Vaxtı ilə 1978-79-cu illərdə İranda şah rejiminə qarşı qalxan etiraz inqilabındakı bəzi hadisələr bu saat baş verir. Görək, bu hadisələr İranda hara aparacaq? Nə ilə bitəcək? Sonra milli məsələyə gətirəcəkmi? Sözsüz ki, İranda əgər mütərəqqi bir hakimiyyət qurularsa, onda bütün İran xalqları, eləcə də Azərbaycan xalqı da öz milli hüquqlarını ala biləcək. Əslində İslam inqilabından sonra da qəbul olunan konstitusiyada yazılmışdı ki, “Bütün xalqlara öz milli hüquqları verilir”. Konstitusiyada başqa xalqlara verilən vədlərə əməl olunmadı. Bu barədə danışmaq çox tezdir. İranda mahiyyət etibarilə tamam başqa hadisələr baş verir. Gözləyək, görək nə ilə bitəcək",- deyə tarixçi alim qeyd etdi.
Həmidə İbrahimova












