Milli dövlətçilik ənənələrinin bərpası!

Hər bir xalqın tarixinə nəzər salsaq, əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsinin uzunmüddətli təkamül prosesinin nəticəsi olmasını görərik. Məhz tarixi məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır. Bununla da həmin liderlər özlərinə əbədiyaşarlıq hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir. Belə dahi şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. Məhz buna görə də Heydər Əliyev irsinin öyrənilməsi bütün zamanlar üçün əhəmiyyətlidir.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüb.
Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonra çox ciddi müzakirə mövzusu olmuşdur. Müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin və xalqımızın gələcək inkişafı ilə əlaqədar müxtəlif ideoloji təkliflər səsləndirilirdi. Ümummilli lider Heydər Əliyev nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi.
Ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dövlət idarəçiliyi sahəsində son dərəcə böyük dövlət xadimi idi. Heydər Əliyev, dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur və hörmətlə qarşılanır, yüksək qiymətləndirilir. Belə bir şəxsiyyətin dövlətçilik, idarəçilik irsinin öyrənilməsi bu gün çox vacibdir. Bu missiyanı daşıyan ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının qarşısında çox mühüm vəzifələr durur.
Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanın güclü, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb.
Heydər Əliyev şəxsiyyətinin, irsinin, fəaliyyətinin və xidmətlərinin öyrənilməsi elə müasir Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin öyrənilməsi deməkdir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini