Deputat Şuşa-Xankəndi yolundakı aksiyadan danışdı: "Hələ bu, başlanğıcdır"

 14:33 14.12.2022     347

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Xocalının keçmiş icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bu aksiyalar çox dəyərli aksiyalardır.

“Mən bütün aksiya iştirakçılarını salamlayıram, alqışlayıram. Biz torpağımıza sahib çıxmalıyıq. Torpaq bizimkidir və torpağımıza da sahib çıxırıq. Torpağımızda 30 il ərzində gedən talanların qarşısını almaq üçün tədbirlər görürük. Hələ bu, başlanğıcdır. Bu gün, sabah, yaxın gələcəkdə, yaxın günlərdə başqa aksiyalar da keçirilə bilər. Xankəndili Xatirə xanım da müraciət etdi, ermənicə də sözünü dedi ki, "Mən evimə getmək istəyirəm". Sabah bizlər - xankəndililər, xocavəndlilər, xocalılar, ağdərəlilər - hamımız ayağa qalxıb, dinc aksiya keçirib, kütləvi evimizə getmək istəyimizi bildirəcəyik. Yəni biz nə yol bağlamaq fikrindəyik, nə silahlı toqquşma etmək, nə də müharibə etmək fikrindəyik. Bu, bizim bir Azərbaycan vətəndaşı kimi haqqımızdır. Və hər kəs öz doğma yurd-yuvasına, evinə-eşiyinə qayıtmaq istəyir. İndi ekoloqlar, jurnalistlər, Qeyri Hökümət Təşkilatları (QHT) təbii sərvətlərimizin talanlarına qarşı, ekoloji fəlakətlərin yaranmasına qarşı etirazlarını bildirirlər” - deyə deputat qeyd etdi.

Elman Məmmədov hesab edir ki, Şuşa-xankəndi yolundakı aksiyalara məcburi köçkünlər də qoşula bilər: 

“Bundan sonra ola bilər ki, mənim kimi məcburi köçkünlər bu aksiyalara qoşulacaqlar ki, "Biz evimizə getmək istəyirik". Rus sülhməramlıları niyə bunun qarşısını almalıdırlar? Niyə bizə şərait yaratmamalıdırlar? Həmin o sülhməramlı deyilənlər ərazimizə gələn gündən gedib orda-burda Ermənistanda olan erməniləri yığıb gətirib Xankəndidə ora-bura doldurdmurdular? Onların qayğısına qalırdılar, qaytarıb yerlərinə gətirirdilər, onlara ev, məktəb, xəstəxana tikirdilər, humanitar yardımlar daşıyırdılar. Hətta rəqəm də göstərilmişdi ki, Rusiya Federasiyası tərəfindən orada yaşayan əhaliyə bu qədər məbləğdə qısa müddətdə, yəni 2020-ci ilin sonu, 2021-ci ilin əvvəllərində humanitar yardım göstərilib. Bəs, orada yaşayan əhali təkcə ermənilərdən ibarət deyil ki? Orada biz varıq. Sayımız 80 mindən çoxdur. Biz də o şəraitin yaradılmasını istəyirik. Bax, budur söhbət”.

Həmidə İbrahimova