“Toqquşmalarda ziyan çəkən qüvvələrin biri də sülhməramlılar olacaq” - Deputat
Bu il fevral ayının 22-də İlham Əliyev və Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Maraqlıdır ki, ölkələrimiz müttəfiq olsa da, ərazilərimizdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları faktiki olaraq Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Onlar həm Qarabağdakı erməni separatçılarının mövqelərimizə atəş açmasına göz yumur, həm Ermənistandan Laçın dəhlizi vasitəsilə separatçılara silah daşınmasına şərait yaradır, təbii sərvətlərimizin talançılığına susur, İrandan “işçi qüvvəsi” adı ilə gələnlərin Xankəndiyə keçməsinə icazə verir, amma azərbaycanlıları həmin ərazilərə buraxmır.
Bəs, Rusiya Azərbaycana necə müttəfiqdir ki, onun ordu qüvvələri ölkəmizə qarşı təxribatçıların, separatçıların yanındadır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc dedi ki, hazırda Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən Azərbaycan fəallarının irəli sürdüyü sual da bundan ibarətdir.
Millət vəkili qeyd etdi ki, fevral ayında imzalanan sənəddən sonra da Rusiya ilə Azərbaycan arasında informasiya təhlükəsizliyi, xarici siyasət məsələlərində konsultasiya, bir sıra digər məsələlər ətrafında da müzakirələr, anlaşmalar mövcuddur:
"Bu, son olaraq Mişustinin səfəri, o cümlədən, Ceyhun Bayramovun Lavrovla görüşlərində də dilə gətirilib. Hazırda yaranan vəziyyətə görə əsla Azərbaycanın nə imzaladığı sənədlərə, nə də beynəlxalq prinsiplərə zidd addım atdığını kimsə söyləyə bilməz. Ona görə ki, ilk növbədə ortada gördüyümüz mənzərə ondan ibarətdir ki, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın nəzarətindən kənarda müxtəlif ölkələrin təmsilçiləri nəinki qanunsuz keçərək ora gəlməklə məşğuldur, o cümlədən onların fəaliyyətləri, yumşaq desək, şübhə doğurur. Lakin o, ərazidə və bütövlükdə Azərbaycanın təhlükəsizliyinə zərbə vurur. Bu, öz-özlüyündə həmin mandatı hüquqi cəhətdən müəyyənləşməyən Rusiya sülhyaradıcı qüvvələri üçün də ciddi bir çağırış demək olmalıdır. Əgər hansısa instansiyalardan orada həmin şəxslərə, qüvvələrə, qruplara, nəqliyyat vasitələrinə yaşıl işıq yandırmaq tapşırılıbsa da, qısa bir müddət sonra oradakı lokal toqquşmalardan ziyan çəkən qüvvələrin biri də məhz həmin sülhməramlılar olacaqdır. Bu halda sual olunacaq: onlar öz mandatlarını necə yerinə yetirdilər?
27 nəfər İran mənşəli şəxsin ora gəlməsi açıq şəkildə bizim rəsmi orqanlar tərəfindən yayımlandı və verilən şərh, doğrudan da, son dərəcə absurd idi. Bildirilirdi ki, onlar işçi qüvvəsi kimi gəliblər. Halbuki, həqiqətən də, elə idisə, bu, mütləq Azərbaycanla razılaşdırılmalı idi. Digər tərəfdən sübut olunurdu ki, onlar az qala Yaxın Şərqdə müxtəlif təhlükəli əməliyyatlarda iştirak edən və təhlükəsizlik, xəfiyyə sisteminə bu və ya digər bağlılığı olan adamlardır. Onda sual olunur, həmin adamlar İranın emissarları kimi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə nə həyata keçirirlər, hansı planların üzərindədirlər? Silah yerləşdirirlər, səngər qazırlar, yoxsa verdikləri raketləri gətirib orada əleyhimizə qururlar? Lap gerçəklikdə bu baş verməyibsə də, amma nəzəri olaraq düşünməyə əsasımız var”.
Zahid Oruc bildirdi ki, nəinki, Xocalıda, Xocavənddə, o cümlədən Kəlbəcərdən Zəngilana qədər 30 il ərzində ermənilər o ərazilərin faydalı qazıntılarını sümürüb, istismar edirlər:
“Tarix də sübut edir ki, orada yaşamaq məqsədilə və sadəcə bir iqtisadi mənfəət naminə deyil də, talançılıq məramı ilə torpaqlarımızı darmadağın ediblər. Biz əminəm ki, bu məsələni hazırda fədakarlıqla, böyük iradə və vətənpərvərliklə, az qala qəhrəmancasına o yolda srağagündən bəri aksiyanı keçirən insanlarımızın məqsədi təkcə iki yataqla bağlı deyil, həm ekosidin, həm istismarın, həm də iqtisadi cinayətlərin tələblərini göstərməkdədir”.
10 noyabr üçtərəfli bəyanatın şərtlərinin pozulması məsələsinə gəlincə isə deputat qeyd etdi ki, birinci növbədə həmin missiyanın hüquqi mandatının müəyyənləşdirilməsi çox vacibdir. Onun sözlərinə görə, əslində iki ilə yaxın bir dövrdür ki, məsələ ətrafında müxtəlif platformalarda, səviyyələrdə reaksiyalar bildirilməkdədir.
"Dünyada konflikt tərəfləri, hətta uzun illər düşmən olan dövlətlər arasında qeyd etdiyiniz xarakterli missiyalar mövcuddur. Onların hər birinin də fəaliyyətinin hüquqi çərçivəsi müəyyənləşir ki, bölgədə onların məsuliyyət zonası, cavabdehlik ərazisi, yaxud müvəqqəti yerləşdikləri məkanlarda bütün hərəkətlər sanksiyalaşsın, normativləşsin, aktlaşsın və ondan kənara çıxmalar da dərhal hüquqi qiymətini alsın. Belə olan şəraitdə sülhməramlı qüvvələrin üzərində başlıca tələb, ən vacib vəzifə ilk növbədə Azərbaycanın və elə Rusiyanın özünün də ərazi bütövlüyümüzün tərkibində tanıdığı Qarabağ və indiki halda Xankəndi və ətraf ərazilər üzərində suverenliyinin təmin olunmasına çalışmaqdır.
Heç şübhəsiz ki, o qüvvələrin üzərində ən böyük tələb ondan ibarətdir ki, onlar siyasi tərəf tutmadan, amma indiki halda ədaləti, qanunu, beynəlxalq hüququ, BMT-nin tanıdığı prinsipləri gerçəkləşdirməyə çalışsınlar. Bu şəraitdə Azərbaycanın haqlı olduğunu Rusiya, onun bölgədəki təmsilçiləri, eləcə də Volkova qədərki missiyanın nümayəndələri də bilirdilər. Belə şəraitdə bir kolleziya yaratmadan prosesi başqa məcraya sürükləmədən, elə addımlar atılmalıdır ki, həqiqətən də bu, yalnız bir dəfə gedib kimsə yerdə yoxlama aparacaq, məsələ bununla həll olunacaq deyil, daim qəbul olunmalıdır ki, Ruben Vardanyanın ora gəlməsi, separatçı ocağı inkişaf etdirmək üçün sülhməramlı qüvvələrin küləyi arxasında bu proses davam edəcək. Biz də bunları yarıb getməyək, çünki atacağımız hər bir addım avtomatik olaraq sanki üçüncü bir dövlətlə toqquşma olacaq deyə bir yanaşmanın içərisində qalmamalıdır. Yəni önəmli məsələ odur ki, biz açıq şəkildə bəyan edirik ki, Vardanyan və onun həyata keçirmək istədiyi separatçı fəaliyyətləri, buradakı bir ovuc qalan hərbi qüvvələrini Azərbaycan 10 noyabr sənədindən kənarda özünün təmin etməyə maksimum bir gün vaxt lazımdır. Amma nə üçün bu hərbi əməliyyatları keçirmədiyimiz də ortadadır. Çünki dövlətlərarası məlum razılaşmalara əməl edirik. Ona görə də, biz çox ümidvarıq ki, təkcə sülhməramlıların komandanı Volkov deyil, o cümlədən Xankəndidə indi özünü saxta hakimiyyət kimi elan edən qüvvələrdən İrəvanda beynəlxalq sülh prosesinə aparmaq istəyən, moderatorluğa çalışan dövlətlər də, o cümlədən Rusiya da Xankəndi yolunda etiraz aksiyasını fədakarlıq və qəhrəmanlıqla keçirən insanların tələblərini, çağırışlarını qəbul edəcək, ona uyğun addımlar atılacaq”, - deyə Zahid Oruc bildirdi.
Nərmin VÜQARQIZI












