Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri İMZALANDI

 14:07 14.12.2022     217

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.

Redaktor.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi.

“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzaladılar.

“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” Türkmənistanın Dövlət Gömrük Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzaladılar.

“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzaladılar.

“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzaladılar.