"Qarşıdurmada təxribat törədilərsə, silahlı münaqişəyə çevrilə bilər" - Deputat

 15:11 14.12.2022     627

“Sülhməramlılar mandata uyğun olaraq iki münaqişəli tərəfin arasında dayanmaqdan, başqa işlərlə məşğul olurlar. Texnikanı, ermənilərin separatçı qüvvələri üçün müxtəlif təyinatı bilinməyən yükləri müşayiət etdilər, lakin silahsız şəxslərin monitorinq aparmasına mane olmağa çalışdılar. Sülhməramlılar separatçılardan çəkinirlər, eyni zamanda onlara yarınmaq istəyirlər. Lakin onlar unutdular ki, Azərbaycan xalqı dözümlü olsa da, əliyalın şəkildə silahlıların üzərinə gedə bilər”.

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolundakı etiraz aksiyasına münasibət bildirərkən dedi.

O, qeyd etdi ki, ən böyük problem yolun bağlanmasıdır:

"Ermənilər dünyaya car çəkir ki, yolun bağlanması qeyri-humanist addımdır, çünki Ermənistandan ərzaq və s. daxil olmur. Düşünürəm ki, bu Azərbaycanın haqqıdır. QHT-lərin bu yola çıxması təqdirəlayiq addımdır. Ermənistan da, Rusiya da bundan nəticə çıxarmalıdır".

Arzu Nağıyevin sözlərinə görə, ermənilərin Xankəndidəki mitinqi tabe olmamağa hesablanmışdı, azərbaycanlılar isə sırf sülhpərvər fikirlərlə toplaşıb.

"Düşünürəm ki, danışıqlara getmək lazımdır, gedəcəklər də. Gərginlik ruslara da fayda verməz. Qarşıdurmada təxribat törədilərsə, silahlı münaqişəyə çevrilə bilər. Buna görə ilk növbədə sülhməramlılar prosesdən nəticə çıxarmalıdırlar. Volkovun görünməməsi o qədər də əhəmiyyət kəsb etmir. O, əmr adamıdır. Onun istefası inandırıcı deyil. Bu, Rusiya Müdafiə Nazirliyindən asılıdır”,- deyə deputat qeyd etdi.

Həmidə İbrahimova