İranda hakimiyyətin cinsi ayrı-seçkiliyinə etiraz: “Qadın, Azadlıq, Həyat!”

 13:46 15.12.2022     122

İranda davam edən etiraz aksiyaları bu hakimiyyətin mahiyyətini bir daha dünya ictimaiyyətinə göstərdi. Bu üzüqara ( farsca “ru siyah”) rejim din pərdəsi adı altında fars şovinist siyasəti yürüdür, cinsi ayrı-seçkilik etməklə qadınların hüquqlarını tapdayır. Hakimiyyət nümayəndələri bu ölkədə qadın hüquqları və azadlığından danışanları “pozğun”, “qərb mədəniyyətinin təbliğatçısı”, “casus”, “iğtişaşçı”, “qiyamçı” və başqa ifadələrlə damğalayır.

Ancaq ölkənin zərif cinsinin nümayəndələri sentyabrın 17-də başladıqları etiraz aksiyası ilə layiq olduqları azadlığı tələb edirlər. Onlar rejimin təhqiramiz təbliğatına qarşı bu şüarları irəli sürür: “Sən pozğunsan, sən əclafsan, mən azad qadınam!”, “Nə yaylıq, nə təhqir, azadlıq və bərabərlik!”, “Qadın, həyat, azadlıq!”.

İran qadınları ölkənin yeniləşməsi, demokratikləşməsi üçün böyük bir hərəkata başlayıblar. Onlar cəmiyyətin, dövlətin mürtəce qaydalarla idarə edilməsinə qarşı çıxır. İnsanların məişətinə, geyim-keçiminə rejimin müdaxiləsinə bu istiqamətdə zorakılığa qarşı üsyan edirlər. İnqilabın ilk illərində də teokratik rejim qadınlara hicab qaydalarını qəbul etdirmək üçün bir ildən artıq təzyiqlər edib. Minlərlə qadın zorakılığa məruz qalıb, məhkəməsiz işgəncəyə məruz qalıblar.

Hakimiyyətin tətbiq etdiyi qaydalarla qadınlar bütün sahələrdə aşağılanırlar. Onları cinsi azlıqların, bir sıra dini azlıqların (məsələn, bəhailərin, zərdüştülərin) təmsilçiləri ilə eyni səviyyədə tutur, təhqir edirlər. Qadınların hüquqları vərəsəlikdə və başqa bu kimi məsələlərdə də pozulur.

Son illərdə baş vermiş bir neçə hadisəni xatırlamaqla bu rejimin mahiyyətini, qadınların mövcud hakimiyyətə etirazının daha aydın anlamaq olar. 2018-ci ildə İranda güney azərbaycanlı Zəhra Haşimi adlı xanıma təcavüz etdikdən sonra edam ediblər. İran qanunlarına görə, bakirə qızların edamı qadağandır, buna görə də ölümə məhkum olunmuş bakirə qızları edamdan öncə zorlayırlar.

Qeyd edək ki, Zəhra Haşimini İranın Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşı zorlamaq istəyib. O, özünü müdafiə edən zaman bu əməkdaşa xəsarət yetirib. ETTELAAT işçisi də bu xəsarətdən ölüb. Ölümdə təqsirli bilinən 26 yaşlı qadın asılıb.

Başqa bir örnək Reyhan Cabbari adlı qadının başına gəlib. Ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını 2007-ci ildə öldürüb. Buna görə Reyhan Cabbari barəsində ölüm hökmü çıxarılıb.

Atifə Sahale 13 yaşında olanda bir kişi ilə eyni maşında getdiyi üçün həbs olunub. Atifə həbsdən çıxdıqdan sonra 51 yaşlı taksi sürücüsü tərəfindən təcavüzə uğrayıb. Daha sonra imzasız bir şikayət məktubu ilə ikinci dəfə həbs edilən Atifə həbsxanada işgəncələrə məruz qalıb. Maraqlıdır ki, məhkəmədə hakim və prokuror eyni şəxs olub. İranda 16 yaşlı Atifə Sahale dar ağacından asılaraq edam edilib. Edamdan əvvəl ailəsi ilə son görüşünə icazə verilməyən Atifə xalqın gözü qarşısında edam edilib və 40 dəqiqə boyunca cəsədi ağacdan sallandırılıb.

Bir neçə il əvvəl İranda hollandiyalı qadın edam edilib. Tehran rəsmiləri Niderland və İran vətəndaşı olmuş Sahra Bəhrami narkotik qaçaqmalçılığı ittihamı əsasında edam olunduğunu bildirib. Ancaq 46 yaşlı Bəhrami İran hakimiyyəti əleyhinə nümayişlərdə iştirak etmişdi. Məhsa Əmini hicab qaydasını pozduğu üçün rejim tərəfindən qətlə yetirilib. Güney Azərbaycandan olan Tibb Universitetinin 4-cü kurs tələbəsi Aylar Həqqi onun qətlinə etiraz aksiyasında öldürülüb.

İranda qadınlara qarşı zorakılıq və ədalətsiz məhkəmə hökmləri ilə bağlı çoxsaylı nümunələr var. Bu baxımdan Tehran hakimiyyətinin qadın hüquq müdafiəsinə aid təşkilatda təmsil olunması təzaddır. Ötən gün BMT-nin İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasına səs verib. ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək bu ölkənin komissiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib. 29 ölkə bu təklifin lehinə, 8-i əleyhinə səs verib, 16-sı bitərəf qalıb.

İran hakimiyyəti bütün dinlərdə, o cümlədən islam dinində adları keçən müqəddəs xanımları xatirəsinin yad, onların həyatını örnək kimi təbliğ edir. Məsələn, İranın Qum şəhərində Fatimeyi-Məsumənin türbəsi var. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimeyi-Məsumə "On iki imam" əqidəsinə inananlara görə 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazimin qızı və 8-ci imam Rzanın bacısı olub. O, miladi təqvimlə 790-cı il martın 22-də Mədinədən indiki İrana səfər edib. Güney Azərbaycanın Savə şəhərində xəstələnib, 816-cı il noyabrın 7-də 26 yaşında Qumda vəfat edib. Onun türbəsi İranda İmam Rza məqbərəsindən sonra ziyarət edilən ikinci böyük ziyarətgahdır.

Yeri gəlmişkən, hakimiyyətin ziyarətgaha qazanc və hikkəsini reallaşdırmaq yeri kimi baxdığı da sirr deyil...

1 206 il öncə vəfat etmiş xanıma olan hörmət alqışlanıb, təbliğ edilir. Təəssüf ki, bu gün Fatimə xanımın həmcinslərinə qarşı Tehran hakimiyyəti amansız mövqe tutmaqla bu təbliğatda da səmimi olmadığını nümayiş etdirir. Əks halda, dünyanın indiki çağında İran qadınları “Qadın”, “Azadlıq”, “Həyat!” şüarını irəli sürməzdi...

Sədrəddin SOLTAN