"Ekofəalların tələbləri hələ də cavablandırılmayıb" - Ceyhun Bayramov

 17:23 15.12.2022     195

"Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: "Eyni zamanda ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.