Zirvə Görüşünün arxasındakı məqam - Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv olacaq?
“Türkiyə, Türkmənistan, Azərbaycan görüşü orta dəhlizin reallaşması yolunda ən vacib addımlardan biridir. Bu orta dəhliz, bütövlükdə Pekindən Londona qədər qlobal yol fəaliyyətə başlamalıdır və bu yol Azərbaycandan keçməlidir. Azərbaycan burada şübhəsiz ki, Şərq və Qərbi birləşdirən körpünün sahibi olur. Onun üzərindən də Zəngəzur dəhlizi reallaşmalıdır. Bu məsələnin bir tərəfidir. Xüsusən də, o bölgədən gələn yüklər Türkmənistan üzərindən Azərbaycana daxil olacaq. Yəqin ki, hazırkı gedişatda burada dəniz nəzərdə tutulub”.
Bu fikirləri Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünü Redaktor.az-a şərh edən politoloq Əziz Əlibəyli dedi. Onun sözlərinə görə, bu proseslərdə təhlükəsizlik faktoru ölkələri təhdid edir.
“Məsələn, Türkmənistan zəif ölkədir, bu səbəblə də Türkmənistan, Azərbaycan və Türkiyə dövlətlərinin üçlü Zirvə Görüşünün arxasındakı məqam Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olması idi. Yəqin ki, bundan sonra həm də hərbi müqavilələrdən Türkmənistanın milli müstəqilliyinin gücləndirilməsi addımı atılacaq”, - deyə o qeyd etdi.
Politoloq bildirdi ki, Avropanın enerji təchizatı Azərbaycan üzərində ən vacib vəzifələrdən biridir:
“Burada söhbət Rusiya-Ukrayna müharibəsi kontekstində Avropanın enerji təhlükəsizliyinin təminatından gedir. Avropa qazsız qalıb, işıqsız qalıb, neftsiz qalıb. Yəni enerji böhranı ərəfəsindədir və bu, həm də 2024-cü ilin qlobal böhran trendlərindən biri olacaq. Azərbaycanın bəs nəyi var? Bu mənada ilk olaraq "Əsrin müqaviləsi" və sonra onun əsasında formalaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və sonra Şahdəniz yatağındakı karbohidrogen ehtiyatının Avropaya çıxarılması məqsədilə icra olunan Cənub qaz layihəsinin tərkib hissəsi Cənubi Avropaya gedəcək. Bunlar hamısı öz axarında, normal şəkildə də icra olunmağa başladı. Amma müharibənin olması dərhal Azərbaycanın üzərinə daha böyük yüklər qoydu. Əvvəl Azərbaycan Avropaya ildə 10 milyard kubmetr qaz verəcəkdisə, artıq 20 milyard sifariş etməyə başladı və Rusiyadan da Avropaya gedən dörd qaz kəməri bombalanaraq sıradan çıxarıldı. Bir qaz kəməri qaldı. O da, tez-tez təmirə bağlanır. İndi Azərbaycan 20 milyard kubmetr qaz verməlidir. Amma burada iki problem var.

Birincisi, Azərbaycanın o qədər resursu yoxdur ki, Avropa üçün tələb olunan qazı tam versin. İkincisi də, Orta Asiyanın enerji sistemini bu prosesə qoşmaq lazımdır. İranı qoşa bilməzlər, çünki, sanksiya altındadır və təhlükəsizlik problemləri var. Yaxın Şərq ölkələrində də İsrail, məsələn, Aralıq dənizi vasitəsilə bu prosesi aparır. Deməli, Azərbaycanla bağlı yeganə yol qalır, o da Orta Asiya ilə əlaqələndirmək. Prezidentlərin də görüşlərin əsas ana xətti məhz türkmən neftinin Azərbaycana ötürülməsi, Türkiyə vasitəsilə Avropaya çatdırılması layihəsidir. Elə güman edirəm ki, indiki məqamda bu əməkdaşlıq hər üç ölkə və onun qlobal tərəfdaşlığı üçün yeni səhifənin açılması deməkdir”.
Nərmin VÜQARQIZI












