Birgə Bəyanatın 7-ci bəndi - Vardanyan Qarabağdan rədd edilməlidir

Son günlər Qarabağ ətrafında baş verən hadisələr yalnız bir qrup etirazçıların deyil, bütövlükdə xalqımızın iradəsinin ifadəsidir. Çünki bu xalq 44 günlük Vətən müharibəsində 3 min şəhidi ona görə vermədi ki, indi Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisində separatçılar “at oynatsın” və öz mövcudluqlarını möhkəmləndirsinlər. Belə bir deyim var ki, müharibəni hərbçilər aparır, diplomatlar isə bitirir. Yəni, hər bir müharibənin sonu sülhlə bitir. Vətən müharibəsi də 44 gün davam etdi, bu günlər ərzində ərazilərimizin böyük hissəsi hərbi yolla işğaldan azad olundu. Noyabrın 10-da isə müharibənin başa çatması ilə əlaqədar imzalanmış üçtərəfli birgə bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad olundu.
Bəyanata uyğun olaraq, ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bölgədə təhlükəsizliyi təmin etməli idi. Lakin biz görürük ki, onların məqsədi tamamilə başqadır. Bütün dünya, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni, qəbul edir ki, Qarabağ Azərbaycana məxsusdur. Birgə bəyanata uyğun olaraq, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ərazidən çıxarılmalı, bu torpaqda yaşayan mülki ermənilərlə azərbaycanlılar arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmalıdır. Çünki Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onların reinteqrasiyası həyata keçirilməlidir. Dövlətimiz onların hüquq və təhlükəsizliyinə tam təminat verir. Bunun üçün isə təmaslar qurulmalıdır. Təmasların qurulmasının bir yolu isə azərbaycanlıların sülhməramlıların nəzarətində olan ərazilərə səfərlərinin təşkil edilməsi, eləcə də mülki ermənilərlə görüşlərin keçirilməsi, onların hətta respublikamızın müxtəlif bölgələrinə səfərlərini də təşkil etmək olar ki, Azərbaycanın inkişaf səviyyəsini görsünlər. Bu da onların Azərbaycan qanunları əsasında, vətəndaşlarımız kimi yaşaması haqda daha tez qərar vermələrinə səbəb ola bilər. Çünki Qarabağ ermənilərinin sosial-iqtisadi durumunun nə qədər ağır olduğunu hamımız yaxşı bilirik.
Amma əvəzində biz nə görürük? Rusiya sülhməramlıları dünyanın hər yerindən gələnləri özbaşına Qarabağa buraxır. Amma azərbaycanlıların öz qanuni ərazilərinə səfər etmələrinə əngəl törədir. Ekoloji monitorinqin aparılmasına yaradılan maneə buna sübutdur. Bu, o deməkdir ki, Rusiya Qarabağ separatçıları ilə əlbir olaraq bu ərazinin əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almağa çalışır. Artıq 2 ildən çoxdur ki, reinteqrasiya yönündə ciddi bir addım atılmayıb. Buna əngəl törədən isə Rusiyanın sülhməramlı deyilən hərbi kontingentidir. Təbii ki, onlar özbaşına deyil, daha yuxarıdan aldıqları göstərişləri yerinə yetirirlər.
Hələ bu azmış kimi Qarabağ ermənilərinə heç bir dəxli olmayan adamı, rusiyalı milyarder Ruben Vardanyanı Qarabağda yerləşdirib öz planlarını həyata keçirmək istəyirlər. Bu gün faktiki olaraq Vardanyan Qarabağ separatçıların başına keçirilib. Sual olunur, üçtərəfli birgə bəyanata əsasən Qarabağ ermənilərinin reinteqrasiyasının dinc yolla reallaşdırılması nəzərədə tutulursa, Qarabağa dəxli olmayan bir erməninin bu əraziyə göndərilməsi nə deməkdir? Bu adam sülhə xidmət etmir, yalnız fitnəkarlıqla məşğul olur. Vardanyanın bugünlərdə dediyi “Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşaya bilməz, yanaşı (qonşu kimi) yaşaya bilərlər” sözləri kifayət edir ki, o, Qarabağdan rədd edilsin. Axı, bu fikri ilə Vardanyan Rusiya prezidenti Vladimir Putinin də imza atdığı sənədin prinsiplərinə qarşı çıxır. Yəni, Qarabağa dəxli olmayan bu erməninin tutduğu mövqe birgə bəyanata tamamilə ziddir. Belə olan halda, Rusiya Vardanyana niyə “qaşın üstündə gözün var” demir?
Üstəlik, 10 noyabr birgə Bəyanatının 7-ci bəndi unudulmamalıdır. Həmin bənddə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu o deməkdir ki, azərbaycanlılar Xocalıya, Xankəndiyə və rus sülhməramlılarının nəzarətində digər ərazilərə qayıtmalıdır. Vardanyanlar, sanki sənəddə belə bir bəndin olmadığı kimi aparırlar. Lakin bu, qətiyyən qəbuledilməzdir. Hazırda, Azərbaycan dövləti Böyük Qayıdışla bağlı böyük addımlar atır. Yəqin ki, ətraf ərazilərin məskunlaşdırılması davam etdikcə, bir neçə ildən sonra “sülhməramlıların” nəzarətində olan bölgələrdən də köçkün vəziyyətinə düşmüş həmvətənlərimizin doğma yurdlarına qaytarılması prosesi gündəmə gələcək. O zaman Vardanyanı qabağa verən Rusiyanın “Qarabağ erməniləri hələ birgəyaşayışa hazır deyil” iddiasını qətiyyən qəbul etmək olmaz. Zatən, görünən odur ki, Rusiyanın məqsədi birgəyaşayışa mane olmaqdır. Qarabağ separatçılarının bölgədə oyuncaq “rus icması” yaratması, rus dilini “dövlət dili” elan etməsi, sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi istəyi və s. addımlar məhz bu fitnəkar məqsədə xidmət edir. Rusiyanın ətraf regionlardakı separatçı rejimlərə dəstəyini xatırlamaq kifayətdir. Ona görə də, Qarabağda da belə planların reallaşmasına qətiyyən yol vermək olmaz.
Bu baxımdan, dövlətimizin mövqeyi, yanaşması doğrudur. Artıq rəsmi səviyyələrdə Vardanyanın Qarabağda mövcudluğuna etiraz bildirilir. Bir müddət öncə Prezident İlham Əliyevin Moskvadan aydın gündəliklə göndərilmiş Vardanyanla heç bir təmasın olmayacağını bildirməsi, ötən gün isə xarici işlər naziri Ceyhun Bayramovun diplomatik korpus nümayəndələri ilə görüşündə bu məsələni gündəmə gətirməsi dövlətimizin bu vəziyyətlə barışmayacağını təsdiqləyir.
Bir neçə gündür ki, ekoloji tələblə Laçın-Xankəndi yolunda aksiya keçirən vətəndaşlarımızın yeni tələblər irəli sürməsi də müsbət haldır. Yeni tələblər davamlı olmalıdır. Bu tələblər rəsmi səviyyədə də gücləndirilməli və həyata keçirilməsinə nail olunmalıdır. Xüsusilə, Vardanyanın Qarabağdan rədd edilməsi və azərbaycanlıların bu ərazilərə mütəmadi səfərlər etməsinə şəraitin yaradılması diqqət mərkəzində olmalıdır. Çünki azərbaycanlıların öz qanuni ərazilərinə səfər etməsinə əngəl törətməyin heç bir hüquqi əsası yoxdur. Necə olur ki, dünyanın hər yerindən gələnləri “sülhməramlılar” Qarabağa buraxır, amma azərbaycanlıları yox? İmkan vermək olmaz ki, Rusiya özünü bu torpağın sahibi kimi aparsın! Əgər belə davam edərsə, 5 ilin tamamında rus sülhməarmsızlarının ərazidən çıxarılmasına nail olmaq lazımdır. Bu baş tutarsa, separatçılar da onlarla birgə qaçacaq. Bundan sonra isə mülki ermənilərlə çox rahat anlaşa biləcəyik.
Nardar BAYRAMLI