"Xankəndi sakinləri 1007 km sərhəddin istənilən yerindən gəlib keçə bilərlər" - Zahid Oruc

 13:59 16.12.2022     1632

"12 dekabr Ulu öndərin Anım günündə Xankəndi-Şuşa yolunda başlayan dinc hərəkat müasir Azərbaycan tarixinin parlaq səhifəsidir. Əslində silahsız aksiya 44 günlük müharibənin davamıdır, 10 noyabr 2020-ci ildə Xankəndiyə doğru gedən əsgərlərin qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Onun sözlərinə görə, əgər Qızılbulaq və Dəmirli yataqlarına sülhlə deyil, hərbi vasitələrlə hücum edilsəydi, 12-14 sentyabrdan başlayan beynəlxalq təzyiqlər daha da artacaqdı:

"Düşmən bizi səngərdə gözləyirdi. İrəvanda, Parisdə və onlarla ölkədə Qarabağ ermənilərinə silahlı soyqırım edəcək dövlətə qarşı sanksiyalar öncədən hazırlanmışdı. Lakin İlham Əliyev dinc vasitələrdən - yumşaq gücdən istifadə etdi. Ona görə də çətin hava şəraitində 4 gündür fədakarlıq göstərən mətbuat, vətəndaş cəmiyyəti və ictimai fəallar gerçək silahsız xüsusi təyinatlılardır".

Deputat son aksiyaların nəticələri ilə bağlı fikirlərini də bölüşüb:

"Birincisi, beynəlxalq ictimaiyyətdən “soyqrım və etnik təmizləmə” adı ilə siyasi, maddi və mənəvi yardım istəyən Ermənistan arzu etdiyi faktları tapmadığı üçün dəstək qazana bilmədi və kəskin siyasi parçalanmaya məruz qaldı. Dünən Azərbaycan Xarici İşlər naziri dövlətimizin Xankəndiyə humanitar və iqtisadi yardıma hazır olduğunu bildirdi. Ermənilərlə birgəyaşayış üçün hökumətin reinteqrasiya proqramının elan olunması dövlətimizin mövqeyini gücləndirdi.

İkincisi, humanitar fəlakət, xəstələrin yardımdan məhrum edilməsi, uşaqlara qarşı qəddarlıqla bağlı ənənəvi cəfakeş obrazı və digər anti-Azərbaycan təbliğatı keçmədi. 4 gündür Xankəndidə qeyri-təbii ölüm faktları qeydə alınmayıb, əksinə, Ermənistan və dünya erməniçiliyi əlini çəkən kimi Qarabağa əminamanlıq və dinclik gəlib. Biz dünyaya bəyan etməliyik ki, İrəvana getmək istəyən Xankəndi sakinləri tək bir Laçın yolundan asılı deyillər, 1007 km sərhəddin istənilən yerindən gəlib keçə bilərlər.

Üçüncüsü, son aksiyalar 30 illik işğalın sadə, əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxardı. Azərbacanlıların Xankəndiyə silahsız daxil olması cinayət törətəməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəydi. Xatırladaq ki, Qarabağın büdcəsinin 35 faizi təkcə Qızılbulaq və Dəmirli yataqlarından formalaşır".

Zahid Oruc qeyd edib ki, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilir.

"Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır. Ona görə də dinc aksiyalar nəticə verəcəkdir - Xankəndi, Xocalı və Şuşa kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndidə və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür", - deyə komitə sədri bildirib.

Turan İSMAYIL