Xanlar Vəliyev həbs olunacaq? - "Hər şey ona doğru gedir"

 13:08 17.12.2022     1350

Dünən Milli Məclisin keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri deputat Zahid Oruc “Tərtər işi” ilə bağlı danışarkən bildirib ki, hərbi prokuror Xanlar Vəliyev və keçmiş baş prokuror Zakir Qaralov Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər. 

Millət vəkili onu da bildirib ki, torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir. Zahid Oruc konkret olaraq hərbi prokuror Xanlar Vəliyevi satqın və xəyanətkar adlandırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva da “Tərtər hadisələri” ilə bağlı danışarkən hərbçilərimizə işgəncə verənlərin cəzalandırılmasını və bunun televiziya ekranlarında xalqa göstərilməli olduğunu bildirib.

Bəs, bu çıxışlardan sonra hərbi prokuror Xanlar Vəliyev həbs oluna bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert  Üzeyir Cəfərov bildirdi ki, bu qədər böyük səs-küylü işin fonunda hər şey hərbi prokurorun həbsinə doğru gedir.

O bildirdi ki, artıq millət vəkillərimiz də yavaş-yavaş bu haqda danışmağa başlayırlar:

“Biz bunu bir müddət bundan əvvəl səsləndirmişdik, sizin də saytınızda bu məsələyə münasibət bildirmişdik. Gecikmək lazım deyil. Kimlərsə rütbə və yaxud orden, medal, dövlət mükafatları almaq üçün Azərbaycan ordusuna qarşı bu cür çirkin və bağışlanılmaz cinayətə yol veriblər. Bunların arasında hüquq mühafizə orqanlarının, hərbi prokurorluqların müstəntiqləri, ittiham haqlarını imzalayan prokurorlar, hakimlər, hakimlər kollegiyası, hətta Ali Məhkəmənin də sədri bir an belə durmadan vəzifəsindən kənarlaşdırılmalıdır. Çünki vaxtı ikən saxta ittihamları Ali Məhkəmə səviyyəsində də təsdiq edib və onların qanuni qüvvəyə minməsi ilə bağlı ölkə rəhbərliyinə məruzə edən şəxslərdən biri də bu gün məsuliyyətə cəlb olunmalıdır. Hərbi prokurorun həbsi ilə bağlı hesab edirəm ki, hələ çox adamlar həbs olunmalıdır”.

Hərbi ekspertin sözlərinə görə, çox adam cəzadan kənar qalıb:

“Bu məsələnin tam, obyektiv, hər tərəfli araşdırılması və nəticələrin əldə olunması üçün yəqin ki, yaxın həftələrdə yeni xəbərlər eşidəcəyik”.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən