"Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir" - Deputat

Xəbər verdiyimiz kimi, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
Ölkələr arasında imzalanan sənədin əhəmiyyətini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu, dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir. Onun sözlərinə görə, Buxarestdə imzalanan saziş 21-ci əsrin yeni yaşıl enerji dəhlizi sazişidir:
"Azərbaycanın mənbə və ixracatçı ölkə qismində belə bir əməkdaşlıq paltforması yarada bilməsi qürurvericidir. 20-ci yüzilliyin sonunda "Əsrin müqaviləsi" möcüzəsini yaradan Azərbaycan 21-ci yüz ilin əvvəlində yaşıl enerji sahəsində belə bir möcüzəni yarada bildi. Şübhəsiz ki, 4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoyur. Bu mərhələ tükənən deyil, bərpa olunan enerji təchizatı zərurətinə söykənir. Azərbaycanın bərpa edilən enerji ehtiyatları isə quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpa edilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək ixrac edə biləcəyini göstərir. Ona görə də görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirdi ki, bərpa olunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və bu, çox iddialı bir layihədir".
Hikmət Babaoğlu onu da vurğuladı ki, yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. Deputatın fikrincə,belə strateji problemin həlli isə etibarlı tərəfdaş olmadan mümkün deyil.
"Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə bilir. Təsadüfi deyil ki, avropalıların yaşıl enerji kimi səciyyələndirdikləri qaz təchizatı məsələsində də Azərbaycan etibarlı və güvənilir bir tərəfdaş kimi çıxış edir. Elə bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması da ayrıca bir hadisə kimi yadda qalmışdı. Artıq həmin sənədin icrasına başlanılıb. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edibsə, bu il ixracat rəqəmi 11,3 milyard kubmetrdir. Növbəti il həmin həcm ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il isə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. Göründüyü kimi, rəqəmlər özlüyündə tərəfdaşlığın hansı səviyyədə olduğunu aydın ifadə edir. Şübhəsiz ki, bu nailiyyətlər sadəcə enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi və vətəndaşlarımızın daha yaxşı rifaha çatması deməkdir”, - deyə o, qeyd etdi.
Nərmin VÜQARQIZI