Əsas məqsəd Türkmənistan qazının Azərbaycan vasitəsilə ixracıdır - Vahid Əhmədov
“Türkiyənin energetika nazirinə onun komandası ilə birlikdə Azərbaycan və Türkmənistandan olan həmkarları ilə ilkin işlərin aparılması tapşırılıb. Bu işlərdən sonra biz üç dövlətin lideri olaraq yeni görüş keçirəcəyik və ümid edirəm ki, yol xəritəsinin nədən ibarət olacağına qərar verəcəyik. Təbii qazın Türkmənistandan, xüsusən də Azərbaycan vasitəsilə ölkəmizə çatdırılması səylərimizi asanlaşdıracaq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, prezidentlərin üçtərəfli görüşlərinin əsasında Türkmənistan qazının Azərbaycan vasitəsilə ixracı dayanır.
“Ümumiyyətlə, son vaxtlar fikir verirsinizsə, çox ciddi görüşlər həyata keçirilir. Cənab prezident, Ərdoğan və Türkmənistan prezidenti ilə Türkmənistanda görüşdülər. Ondan sonra da bir sıra müqavilələrə imza atdılar. Əsas müzakirə mövzusu Türkmənistan qazının Avropaya ixracı ilə əlaqədardır. Bundan öncə Rusiya istədi ki, Qazaxıstan və Özbəkistan ilə birlikdə qaz üçlüyü təşkil etsinlər. Qazın ixracı ilə əlaqədar Özbəkistan və Qazaxıstan da faktiki olaraq bundan imtina etdilər, razılıq vermədilər. Ərdoğan da Türkmənistan prezidentini Türkiyəyə dəvət edib. Dəvətdə də əsas məqsəd məhz Türkmənistan qazının Azərbaycan vasitəsilə, yəni Xəzər dənizi vasitəsilə ixracı məsələsi dayanır. Çünki Türkmənistan ildə təxminən 30 milyard kub metrə yaxın qaz ixrac edir. Bu, həm Azərbaycan, həm Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bir rəqəmdir. Ona görə də, belə bir iş aparılır və dünən yox, ondan öncəki gün cənab Prezident Avropa İttifaqı ilə bir yerdə bir sıra dövlət rəhbərləri ilə görüşdü və bu əməkdaşlığın daha da genişləndirilməsi, enerji və digər məsələlər müzakirə olundu. Müəyyən mənada, mən deyərdim ki, nəticələr əldə olundu. Ümumiyyətlə, Azərbaycan dövlət başçısının apardığı siyasət, ixrac potensialının daha da artırılmasına, Azərbaycana əlavə gəlirlər əldə etmək, o cümlədən Avropanın əmək ehtiyatlarının təmin edilməsinə xidmət edən birbaşa və çox əhəmiyyətli məsələdir”, - deyə deputat vurğuladı.
Nərmin VÜQARQIZI












