Avropa İttifaqının missiyası - ermənipərəstlərin adı dəyişəsə də nəticə dəyişmir

 17:14 20.12.2022     201

Avropa İttifaqı (Aİ) Cənub Qafqazda Fransanın göstərişi ilə oynadığı üçün etibardan düşə bilər.

Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolunda Azərbaycan ictimaiyyəti təmsilçilərinin keçirdiyi etiraz aksiyasına münasibət bir daha sübut etdi ki, bu beynəlxalq qurumda Azərbaycana qarşı “koalisiya” fəaliyyət göstərir. Onlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ekoloji monitorinqin keçirilməsi tələbi ilə reallaşan aksiyaya Ermənistanın mövqeyindən yanaşmaqla bunu təsdiq edir. Həmin ölkələrin rəsmiləri və Xarici İşlər nazirlikləri iddia edir ki, guya Azərbaycan ictimaiyyətinin nümayəndələri həmin ərazidə “Laçın dəhlizini blokadaya alıb” və Xankəndində “ermənilər humanitar fəlakətlə üzləşib”.

Ancaq tələblərdən söz açmadan birmənalı şəkildə rəsmi Bakını ittiham etmələri Fransanın başçlıq etidiy qruplaşmanın hadisələrin mahiyyətindən xəbərsiz olduqlarını deməyə əsas verir.

Onsuz da Avropa Parlamentində “erməni dostluq qrupu”nun korrupsiyada ittiham edilməsi ittifaqın etibarına, ona etimada şübhəni artırıb.

Bu azmış kimi ötən gün Ermənistandakı Avropa İttifaqı mülkü müşahidə missiyasının səlahiyyət müddətinin uzadılması ilə bağlı məsələ onun vasitəçiliyinin də qərəzli olacağı ehtimalına təkan verib.

Dekabrın 19-da ittifaqın müşahidə missiyasının fəaliyyət müddəti başa çatıb.

Ermənistana yeni uzunmüddətli missiyanın göndəriləcəyi ehtimal edilir. Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. O iddia edib ki, bu 2022-ci il oktyabrın 20-də Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa arasında əldə edilən razılaşmaya uyğun olaraq həyata keçiriləcək.

Mişel Borrel də ermənisayaq saxta bəyanat verib. Çünki nə həmin görüşdə, nə də Çexiyanın paytaxtı Praqada əldə edilmiş razılşamada uzunmüddətli missiyadan söhbət getmir. Praqa görüşündə isə müşahidəçiliyin qısamüddətli olması vurğulanır.

Uzunmüddətli missiya Fransanın, Yelisey sarayının ermənisevər avantürasıdır. Çünki rəsmi Paris bütün imkanları ilə Cənub Qafqaza soxulmağa səy göstərir. Buna görə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hər addımda pozur. Fransa Ermənistanın onu regiona dəvət etməsini açıq şəkildə etiraf etmir. Ancaq onun bütün fəaliyyəti hərbçilərinin regiona gəlməsi üçündür. Yeliseyin anti-Azərbaycan fəaliyyətindən ruhlanan rəsmi İrəvan Qarabağ iqtisadi rayonuna belə beynəlxalq missiyanın göndərilməsi istiqamətində canfəşanlıq edir.

Monitorinq missiyası həm də Fransanın regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək fürsəti kimi də qiymətləndirirdi. Ona görə də Azərbaycan öz ərazisinə missiyanın gəlməsinə razılıq vermədi. Bu, həmin sənəddə və Prezident İlham Əliyevin çıxışında da vurğulanıb.

Yeni missiyanın göndərilməsi ilə bağlı Azərbaycanın mövqeyi və münasibəti nəzərə alınmadan Lüksemburqda regiona yeni missiya formalaşdırmaq və ona əlavə mandatlar vermək qərarı azı ikiüzlülükdür. Bu, əvvəl əldə olunmuş razılaşmaya da ziddir.

Azərbaycan 30 ilə yaxın müddətdə Avropa İttifaqının aparıcı üzvü sayılan Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun mənasız və ikiüzlü ermənipərəst mövqeyindən iyrənmişdi. Brüssel və Praqa görüşlərində Avropa İttifaqının daha sanbalı olduğuna inam artırırdı. Ancaq yeni missiyanın yaradılması etimad mühitini sarsıdır.

Bu səbəbdən rəsmi Bakı ikiüzlü davranışa görə həmin missiya ilə əməkdaşlığı nəzərdə tutmur.

Odur ki, “yeni missiya” Fransa və Avropadakı ermənipərəst qüvvələrin növbəti oyunudur. Bu kimi “müşahidəçilər” isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, sərhədlərin müəyyənləşməsinə yardım etməyəcək. Əksinə, Avropa İtifaqının vasitəçilik missiyasına, ona etimada zərbə vurur.

Nə qədər ki, rəsmi Paris İttifaq daxilində əsas söz sahiblərindən biri kimi görünür, qurumun nüfuzu düşəcək, ona etibar azalacaq. Çünki dünyanın heç bir bölgəsində Fransa sülhməramlıları uğur əldə etməyib. Onların fəaliyyət göstərdikləri bütün bölgələrdə münaqişələr və ziddiyyətlər kəskinləşib. Afrikada Fransanın missiyalarının fəaliyyətini xatırlamaq kifayət edər. Mali hakimiyyəti onları terrorçularla əməkdalıqda belə ittiham etdi.

İttifaqın açıqlamasından da göründüyü kimi yeni missiyanın əlavə funksiyası Ermənistanda "təhlükəsizlik məsələlərinin öyrənilməsindən" ibarətdir. Bu isə rəsmi İrəvanın əldəyişməsi kimi də dəyərləndirilə bilər. Çünki bu ölkənin hərbi və təhlükəsizlik məsələləri Rusiya ilə bağlı olub. Bu açıqlama həm də onu göstərir ki, Ermənistan Fransanın çətiri altına keçməyə çalışır.

Beləliklə, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən regiona Aİ adından missiyanın göndərilməsi regionda təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına deyil, ziddiyyətlərin kəskinləşməsinə xidmət edir. Çünki missiya vaxtı ilə Azərbaycana qarşı fəaliyyət göstərmiş Volski komitəsi kimi iylənir. Bu bölgədə ekoloji fəlakəti dəstəkləyə bilər. Odur ki, ermənipərəstlərin adı dəyişsə də nəticə dəyişmir.

Sədrəddin SOLTAN