"Yumşaq güc"ün sərt üzü də var - Vitse-spiker

 12:22 21.12.2022     174

İki ik öncə dünyaya öz haqqını tanıdan Azərbaycan cəmiyyətinin qeyri-hökumət və media sektoru Xankəndi yolu üzərində yeni bir zəfər tarixi yazır. Media və QHT nümayəndələrindən ibarət bir qrup Şuşa-Xankəndi yolu istiqamətində aksiya keçirir. Tələbləri çox sadədir – öz torpaqlarına keçə bilmək. Sanki tarix başqa formada və məzmunda təkrar olunur.

34 il öncə də Azərbaycan xalqı Topxanada qanunsuz ağac kəsilməsinə etiraz olaraq Meydana toplaşdı, havanın sərtliyinə, imperiya basqılarına rəğmən 17 gün Meydan dağılmadı. Bu gün yenə də tələblər ekoloji istismarla bağlıdır. Uzun müddətdir ki, Qarabağ bölgəsində ekoloji fəlakətlər törədilir, meşələrimiz qırılır və yandırılır, çaylarımız və göllərimiz çirkləndirilir, təbii ehtiyatlarımız talan edilir. Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz fəaliyyət göstərən, qaçaqmalçılıq yolu ilə əlvan metal yataqlarımızı qarət edən cinayətkarlara Azərbaycanın rəsmi dövlət qurumlarının qərarlarını başa salabilməyib. Beləliklə, rəsmi dövlət qurumlarının qanuni fəaliyyətinə maneçilik törədilib. Belə bir hal vətəndaş cəmiyyəti təmsilçilərini narahat etməyə bilməzdi. Belə aksiyaların keçirilməsi açıq cəmiyyətlərdə mütəmadi olaraq baş verən demokratik proseslərdir. QHT-lər öz funksiyalarına uyğun olaraq cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı aksiya keçirməklə diqqəti bu və ya digər problemin həllinə yönəltməyə çalışırlar. Bu həm də dövlət və xalq olaraq suverenliyimizin qorunması üçün həyata keçirilən “yumşaq güc” siyasətidir. Ən geniş anlamda “yumşaq güc” - hər hansı ölkənin mədəni, iqtisadi, siyasi potensialını reallaşdırma səviyyəsi ilə bağlıdır. Burada daxili siyasətlə yanaşı, böyük ölçüdə xarici siyasət də ciddi şəkildə nəzərə alınır. Yəni əslində söhbət dövlətin öz gücünü təkcə “hərbi əzələləri” ilə deyil, paralel surətdə və ya eyni zamanda digər sahələr (iqtisadiyyat, mədəniyyət, hüquq və s.) üzrə, çoxşaxəli şəkildə təsbit eləmək və bunun nəticəsində öz siyasi, geosiyasi, başqa maraqlarını daha əlverişli şəkildə reallaşdırmaq bacarığından gedir.

Azərbaycanda müvəqqəti yerləşdirilmiş rus "sülhməramlı"ları onların məsuliyyət zonasında azərbaycanlıların keçirdiyi aksiyanı öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır - Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlandığını elan edən rus "sülhməramlı"ları yerli ermənilərlə azərbaycanlılar arasında konflikti dərinləşdirməklə regionda mövcudluğunu uzatmaq istəyir. Ancaq proseslərin rusların xeyrinə nəticə verəcəyi ehtimalı sıfıra bərabərdir. Azərbaycan dövlətinin istifadə etdiyi "yumşaq güc" siyasəti həm erməniləri, onların havadarlarını, həm də rusları çaşqınlıq vəziyyətinə salıb və qarşı tərəfi vəziyyətdən çıxmaqda aciz edib. Azərbaycanlıların keçirdiyi aksiyanı bütün dünya erməniləri və rusların istədiyi kimi təqdim etməsinə baxmayaraq dünya ictimaiyyəti onu biganə qarşılayır və sözsüz ki, bu fakt da onu təsdiq edir ki, dünya erməni yalanlarına inanmır və erməni yükünü atmağa çalışır. Fakt budur ki, Xankəndi 1988-ci ildən erməni separatizminin əsas mərkəzi olub, bu, indi də belədir. Ukraynada separatizmə qarşı yaxa cıran Qərb Güney Qafqazın qara yarasına çevrilən erməni separatizminin kökünün kəsilməsini niyə istəməsin?

Aksiya həm də onu sübut etdi ki, ərazi kimə məxsusdur, burada söz sahibi kimdir və rus "sülhməralı"ların məsuliyyət zonasında yaşayanların taleyi Azərbaycandan asılıdır. Bu aksiya həm də onu göstərdi ki, Azərbaycan dövləti, xalqı öz məqsədlərinə çatmaq üçün hər cür əziyyətə, ölümə və öldürməyə əliyalın belə qadirdir hərçənd ki, Azərbaycan ruhunun əli yalın silaha qalib gəlmək bacarığını 1990-cı ilin yanvarında sübut edib. Ancaq indi Azərbaycanı qüdrətli edən müzəffər ordusu, qalib xalqı, sarsılmaz siyasi iradəsi var. Yeri gəlmişkən, aksiyaçıların təhlükəsizliyi Azərbaycan Daxili Qoşunlarının və polislərin mühafizəsi ilə təmin edilir.

Əgər bu aksiyalar ermənilər tərəfindən aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin dayandırılmasına gətirib çıxarmasa və müvafiq dövlət qurumlarına monitorinq aparılması üçün lazımi şərait yaradılmasa, Azərbaycan hüquq-mühafizə orqanları ərazidə baş verən cinayət əməllərinin qarşısını almaq üçün adekvat güc tətbiq edə bilər. Xankəndidə özbaşınalıqla məşğul olan cinayətkar dəstə anlamalıdır ki, onlar Azərbaycan ərazisində yaşayır və ölkə qanunlarını bilərəkdən pozmaq cinayət məsuliyyəti yaradır. Bu aksiyalardan sonra da onlar öz cinayət əməllərini davam etdirsələr, o zaman qanun öz sözünü deyəcək. Azərbaycan “Dəmir Yumruq” qüdrətini təsdiq edib. Bu gün xalqın “Yumşaq güc”ündən dərs götürməyənlər dövlətin sərt üzünü də görə bilərlər.

Fəzail İBRAHİMLİ,

Milli Məclis Sədrinin müavini