Özbəkistanda “Heydər Əliyev auditoriyası” yaradılacaq - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.
Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçеhrə Rixsiyeva görüşündə məlumat verilib.
Görüşdə universitetdə yaradılacaq Azərbaycan dili fakültəsi ilə əlaqədar gələcək planlar müzakirə edilib, Özbəkistan və Azərbaycan tərəfinin bu işə dəstəyi, qeyd olunan məsələlərlə bağlı bir sıra detallar müzakirə olunub.
Gülçеhrə Rixsiyeva dövlət başçılarımızın səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə qaldırıldığını və təhsil sahəsində əməkdaşlıqda da son zamanlar irəliləyişin əldə olunduğunu qeyd edib.
O, Universitetdə Türkologiya fakültəsinin 2020-ci ildə yarandığını və uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, sözügedən fakültənin bazasında Azərbaycan dili fakültəsinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Rektor bu istiqamətdə Azərbaycan tərəfinin müvafiq dəstəyini xahiş edib.
Gülçеhrə Rixsiyeva 2023-cü ilin fevral ayından sınaq müddəti olaraq Universitetdə Azərbaycan dili fakültəsinində dərslərə başlayacaqlarını, yeni tədris ilindən isə sözügedən fakültəyə qəbul elan ediləcəyini və sentyabr ayından rəsmi olaraq dərslərə başlanılacağını qeyd edib.
Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması işinə dəstək üçün rektora təşəkkürünü bildirib. O, ilkin olaraq yaradılan fakültəni əyani vəsaitlərlə, nəşrlərlə təchizatı, dərsləri aparacaq müəllim və mütəxəssislərlə təmin olunması məsələsində Azərbaycan Mədəniyyət Mərkəzinin müvafiq dəstək göstərəcəyini bildirib.
Diplomat Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin 2023-cü ildə 100 illiyinin geniş qeyd olunduğunu və Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti il “Heydər Əliyev ili” elan olunduğunu qeyd edib.
O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğu, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəyə - strateji əməkdaşlıq səviyyəsinə qaldırılmasında müstəsna xidmətlərini nəzərə alaraq, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılan Azərbaycan dili fakültəsi üçün auditoriyaya Heydər Əliyevin adının verilməsini təklif edib və təklif Özbək tərəfindən qəbul olunub.
S. Abbasov “Heydər Əliyev auditoriyası”nın təşkili, tərtibatı, auditoriyanın çoxfunksiyalı qurulması, içində müvafiq kitabxananın, dil öyrənilməsi, açıq dərslərin, onlayn mühazirələrin keçirilməsi, auditoriyada Azərbaycanın nailiyyətləri, tariximiz, dövlətçiliyimiz, milli mədəniyyətimizə dair guşələrin təşkili, sənədli və bədii filmlərimizin nümayişinin təmin ediləcəyini bildirib.
Diplomat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilini öyrənmək məqsədi ilə mütəxəssislər tərəfindən xüsusi onlayn portalın, habelə nəşrin yaradılması üzərində iş getdiyini və yaxın zamanlarda bu layihənin yekunlaşacağını bildirib. O, sözügedən layihənin Azərbaycan dili fakültəsi üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra Universitetin Azərbaycan dili fakültəsi üçün ayrılan otaqlara, Türkologiya fakültəsi üçün yaradılan imkan, kitabxanaya baxış keçirilib.
Tərəflər Azərbaycan dili dərslərinin keçiriləcəyi “Heydər Əliyev auditoriyası” üçün xüsusi zal seçiblər.
Tunar Altunbay
















