Onlar İlham Əliyevi təbrik etdi - YENİLƏNİB

 19:08 22.12.2022     1585

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrik mətnində deyilir:

"İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə əmin-amanlıq, möhkəm cansağlığı və uğurlar arzulayım. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır.

Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi səyləriniz böyükdür.

Ölkələrimiz arasında mövcud olan dostluğu və ümumi maraqları nəzərə alaraq, inanıram ki, gündən-günə inkişaf edən yaxın münasibətlərimiz və strateji əməkdaşlığımız regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına öz töhfəsini verəcəkdir.

Ümid edirəm ki, birgə səylərimizlə mövcud çağırışların öhdəsindən gələcəyik, ölkələrimizin və regionun rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan dövlətinin inkişafı və xalqınızın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkənizin işıqlı gələcəyi naminə fəaliyyətinizin uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin reallaşmasını arzu edirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq və çoxəsrlik dostluq qardaş xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək.

Ümidvaram ki, qarşılıqlı hörmətimiz gələcəkdə də davam edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına firavanlıq, birlik və uğurlar arzu edirəm".

***

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım".

***

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident Əliyev.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı qəbul edin.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin xüsusi xarakterini qeyd edirəm. Əminəm ki, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələri xüsusilə enerji, ticarət, kənd təsərrüfatı və mədəniyyət sahələrində bundan sonra da birgə səylərlə inkişaf edəcəkdir. Həmçinin Azərbaycan Respublikasının mənim ölkəmə göstərdiyi köməyə görə minnətdarlığımı və dərin təşəkkürümü bildirmək istəyirəm.

Mən ölkələrimiz arasında siyasi dialoqun genişlənməsini yüksək qiymətləndirirəm və Moldova Respublikasına səfəriniz zamanı Sizi salamlamaqdan şərəf duyacağam.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bu gün dinamik inkişaf yolunda inamla irəliləyir, cəmiyyət həyatının bütün sahələrində sanballı uğurlar qazanır və dünyada nüfuzunu ardıcıl surətdə möhkəmləndirir.

Azərbaycan Respublikası ilə Türkmənistanın çoxşaxəli tərəfdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin inkişafına Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Sizinlə bu yaxınlarda “Avaza” milli turizm zonasında Türkmənistan-Azərbaycan-Türkiyə Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində görüşümüzü xoş təəssüratlarla xatırlayıram. Həmin görüşdə tərəflərin ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətin durmadan genişləndirilməsinə və möhkəmləndirilməsinə sadiqliyi bir daha təsdiqləndi.

Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlıq xalqlarımızın rifahı naminə dostluq və mehriban qonşuluğun ən yaxşı ənənələri əsasında bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm".

***

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada nüfuzunu artırır.

Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.

Əziz dostum, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirəm".

***

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm.

Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram".

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur.

Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar.

Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Vumart və Güvən reklamı Vumart Güvən