"Prezidentin təyinatı Naxçıvanda yeni ab-hava yaradacaq" - Fəzail Ağamalı
Dünən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyətinin ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
Digər fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Belə ki, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, Prezidentin hədəflədiyi, qarşıya qoyduğu idarəçilik sisteminin təkmilləşməsinə Naxçıvanda da ehtiyac duyulurdu. O, qeyd etdi ki, dövlət başçısı 2018-ci ildən başlayaraq bütün istiqamətlərdə islahatlara start verib:
"Bu islahatlar ardıcıl xarakter, sistemli mahiyyət daşıyır. Təbii olaraq, həmin islahatların içərisində idarəetmə və kadr məsələsi də ciddi önəm daşıyır. Bu baxımdan təbii ki, Naxçıvan da istisna ola bilməzdi. Naxçıvanda da cənab prezidentin hədəflədiyi, qarşıya qoyduğu idarəçilik sisteminin təkmilləşməsinə ehtiyac duyulurdu. Ola bilməzdi ki, bütün Azərbaycan miqyasında, hətta Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis səviyyəsində gedən islahatlardan Naxçıvan Muxtar Respublikası kənarda qalsın. Bu, heç bir məntiqə sığmırdı. Ona görə də, nəhayət cənab prezident bu baxımdan da addımlarını atdı”.
Deputatın sözlərinə görə, Naxçıvan Ali Məclisinin sədrinin fəaliyyətində Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edən bəzi məqamlar var idi:
“Bunları aradan qaldırmaq zəruri idi. Ola bilsin ki, zamanında bu cür yanaşmalara ehtiyac duyulduğu üçün onun dəyişilməsi zəruri hesab edilmirdi. Artıq bütün ölkə miqyasında, hətta Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti səviyyəsində də struktur dəyişiklikləri gedir. Təbii olaraq, Naxçıvanda da aparılmalı idi və nəhayət Prezident İlham Əliyev bu addımı atdı. Və Ali Məclisin sədri istefaya göndərildi. Özünün ciddi bir idarəçilik sistemində yerini tapmaqda olan və özünü doğruldan prezidentin yerlərdə səlahiyyətli nümayəndəsi institutunun vermiş olduğu səmərəli nəticələr işğaldan azad olunmuş rayonlarımızda özünü təsdiq edib. Bu baxımdan, artıq Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsi və deyildiyi kimi dövlət başçısının siyasətinin əsas istiqamətlərinin yerinə yetirilməsi statusu ilə ora təyin olundu. Və artıq Naxçıvan Muxtar Respublikasında Azərbaycanın mərkəzi icra strukturları ilə əlaqəli şəkildə bütün funksiyaları, səlahiyyətləri ora təyin olunan və kifayət qədər idarəçilik sistemində işləyən və işlədiyi müddətdə özünün müsbət imicini formalaşdıran Fuad Nəcəfli icra edəcək. Ümidvaram ki, Fuad Nəcəfli cənab prezidentin ona bəxş etmiş olduğu inam və etimadı yüksək səviyyədə doğruldacaq. Və bu təyinat Naxçıvanda yeni ab-hava yaradır və oradakı problemlər tezliklə aradan qaldırılacaq”, - deyə Fəzail Ağamalı bildirdi.
Həmidə İbrahimova












