"Qərbi Azərbaycana qayıtmaq üçün çalışmalıyıq" - Misir Mərdanov

"Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə deyib.
Həqiqətən də, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bildirdi ki, bu, həqiqətən də baş tuta bilər.
“Mən o görüşdə iştirak etdim, prezidentin bütün çıxışını dinlədim. Münasibətim necə ola bilər ki? Tamamilə müsbətdir. Onu da qeyd edim ki, Prezident vurğuladı ki, biz sülh yolu ilə qayıtmaq istəyirik. Dava etmək istəmirik. Niyə də baş tutmasın axı? 30 il bundan qabaq Şuşa işğal olunduqdan sonra da belə fikirlər var idi. İndi Şuşa işğaldan azad edilib. İnşallah, ümid etməli və bunun üçün çalışmalıyıq”.
Azərbaycanın tarixi torpaqları İrəvan və Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərara Milli Məclisdə baxılıb ləğv edilməsi məsələsinə gəlincə, professor öncə qeyd etdi ki, bu torpaqlar heç vaxt erməni əraziləri olmayıb.
“İrəvan erməni şəhəri deyil. Onu Ermənistan hökumətinə paytaxt şəhər veriblər. Bunlar tarixdən bəllidir. Zəngəzur da SSRİ vaxtı Ermənistana verilib. Azərbaycan Milli Məclisi bu qərarı ləğv etsə belə, onun mənası nədir ki? İnkişaf etməklə, yüksək səviyyəyə qalxmaqla bu istiqamətdə irəli getmək olar. Yoxsa parlament qərar verdi ki, ora bizimdir, sonra nə olacaq ki?”, -deyə keçmiş nazir vurğuladı.
Nərmin VÜQARQIZI