"Rusiyanın sülhməramlı qüvvələri separatçıları müdafiə edir" - Qabil Hüseynli
Dünən Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterqurqda keçirilən qeyri-rəsmi sammitində qurumda fikir ayrılıqlarının olmasından danışıb.
"MDB ölkələri arasında əməkdaşlığın əsas istiqaməti ümumi Avrasiya regionumuzda təhlükəsizlik və sabitliyin qorunmasıdır. Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır... Təəssüf ki, etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və edəcəyik", - Rusiya dövlətinin başçısı bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Rusiyanın qeyri-adekvat və qeyri-obyektiv münasibəti bu məsələləri daha da qəlizləşdirir.
Onun sözlərinə görə, qurumun fəaliyyəti daha da təkmilləşdirilməlidir:
“Putin təkcə fikir ayrılıqları yox, hətta qarşıdurmaların olduğunu da söylədi. Bu saat MDB dövlətləri Qırğızıstanla Tacikistan arasında, bundan daha xeyli əvvəldən isə Azərbaycanla Ermənistan arasında ciddi konfliktlər var. Moldovanın özünün də ruspərəst qüvvələrlə, yəni Dnestryanı bölgədə ölkənin ərazi bütövlüyünə xəyanət etmiş qüvvələr var. Gürcüstanın özünün Rusiya ilə ciddi problemləri var. Yəni belə götürəndə Rusiyanın da Qazaxıstana müəyyən ərazi iddialarını bu və ya digər səviyyələrdə qaldırmasını göz önünə alsaq, görərik ki, MDB deyilən qurum proseslərə vaxtında müdaxilə etmək imkanına malikdir. Onun mövcudluğu formal xarakter daşıyır. Rusiyanın məsələlərə qeyri-adekvat və qeyri-obyektiv münasibəti bu məsələləri daha da qəlizləşdirir. Mənim zənnimcə, bu qurumun fəaliyyəti daha da təkmilləşdirməlidir ki, bu proseslər öz axarı ilə getsin”.
Politoloqun fikrincə, MDB-yə daxil olan dövlətlərin hər birinə imkan verilməlidir ki, onlar bir-biri ilə problemlərini həll etməyə çalışsınlar:
“Məsələn, Azərbaycanda əgər Rusiyanın sülhməramlı qüvvələri bölgədə erməniyanlı mövqe tutmasaydı, indi Azərbaycanın öz ərazi bütövlüyü tanındığına görə bütün ərazisi üzərində suverenliyini bərpa etmiş olardı. Təəssüflər olsun ki, ərazilərimizin bir hissəsində rus qoşunları qalıb və onlar da işğalçı dövləti, Ermənistanı və Ermənistanın bu ərazidə olan bir ovuc separatçılarını müdafiə edirlər. Ona görə də mənim zənnimcə, birinci addım kimi Rusiyanın bu bölgələrdə geostrateji, dövlət maraqlarını axtarması imkanlarına son qoyulsa, bu dövlətlərin bir-biri ilə dil tapması bir xeyli asanlaşar”.
Həmidə İbrahimova












