"Bunlar olmasa, hamı adam balası kimi yaşayar" - Politoloq
"Əgər bütün insanlar, bütün dövlətlər qanuna hörmət etsə idilər, onda dünyada heç bir ziddiyyət olmazdı".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya Prezidenti Vladimir Putinin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterqurqda keçirilən qeyri-rəsmi sammitində qurumda fikir ayrılıqları, ziddiyyətlərin olması barədə fikirlərini şərh edərkən dedi.
O, qeyd etdi ki, MDB üzvü olan ölkələr beynəlxalq hüquqa hörmət etməli, qanunları tanımalıdır.
"Yox, qanunları tanıyıb, öz eqoist maraqlarını müzakirə etsələr, təbii ki, onların maraqları digər dövlətlərin maraqları ilə toqquşacaq və bu zaman inam, etimad, təşkilatda səmərə olmayacaq. Məsələn, ən parlaq misal MDB üzvü olan Ermənistan, MDB üzvü olan Azərbaycandır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Onlar bizim qanuni ərzimiz olan Qarabağı Azərbaycanın suveren ərazisi kimi qəbul etmir. Onlar öz iddialarından əl çəkməyəcək. Təbii ki, belə olduqda MDB daxilində ziddiyyətlər olacaq. Kimsə Ermənistanı Rusiya kimi müdafiə edəcək. Kimsə Azərbaycanı Qazaxıstan, Belarus, Qırğızıstan, Özbəkistan kimi müdafiə edəcək. Yəni bu ziddiyyətlər mövqelərdən doğulub. Hansısa dövlət beynəlxalq hüquqa hörmət edir, hansısa etmir. Əgər bütün insanlar, bütün dövlətlər qanuna hörmət etsə idilər, onda dünyada heç bir ziddiyyət olmazdı. Hamı qanunauyğun, adam balası kimi yaşayar, hansı ki, yaşayırlar. Skandinaviya ölkələrində ziddiyyətlər hamısı qanun çərçivəsində həll olunur. Heç bir əlbəyaxa vuruşma, öldürmə yoxdur”, - deyə Zərdüşt Əlizadə bildirdi.
Həmidə İbrahimova












