"Azərbaycanı bu məsələyə qatmaq, sözün əsl mənasında dələduzluqdur" - Politoloq

 16:34 28.12.2022     488

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus ittifaqına qoşulmağa məcbur edir.

O, İctimai Televiziyanın efirində qeyd edib ki, sentyabrın 13-də Azərbaycan-Ermənistanın sərhədində baş verənlər, eləcə də Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqləri çərçivəsinə baş verir.

Bəs, həqiqətən də, Rusiya sülhməramlıları bu məsələdə Azərbaycanın lehinə işləyir?

Politoloq Qabil Hüseynli mövzu barədə Redaktor.az-a açıqlamasında bildirdi ki, bütün bunlar ermənilərin uydurmalarıdır.

“Yox, sülhməramlılar qətiyyən Azərbaycanın lehinə işləmir. Bu gün ən ciddi problemlərdən biri suveren ərazilərimizdə Rusiya sülhməramlılarının yerləşdirilməsidir. Ermənistanın zorla, Rusiyanın təzyiqi ilə ittifaq dövlətinə birləşdirilməsi məsələsinə gəlincə isə bu, onların öz işidir. Onlar yüz illərdir ki, rusların əlindədir və onların quluna çevriliblər. İndi də ruslar onlardan indiyə qədər etdiklərinin qarşılığını tələb edir. Qoy onlar özlərini günahlandırsınlar və dərdlərinə də özləri çarə tapsınlar. Bu məsələyə Azərbaycanı qatmaq sözün əsl mənasında dələduzluqdur”, - deyə politoloq vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən