Zaxarova Qriqoryanı pərt etdi: "Ermənistanda insanlar bundan xəbərdardır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr İrəvandan belə bir maraq olacağı təqdirdə Ermənistana monitorinq missiyası göndərməyə hazırdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomatdan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “indi Rusiyanın Ermənistanın yanında dayanması və suverenliyini müdafiə etməsi üçün imkan yaradılıb” bəyanatına münasibət bildirmək istənilib.
“Bilirsiniz, mən qeyd etdiyiniz siyasi xadimin konkret nəyi nəzərdə tutduğunu təhlil etmək istəmirəm. Əgər söhbət KTMT çərçivəsində öhdəliklərdən gedirsə, o zaman İrəvan maraqlıdırsa, təşkilatın bütün digər üzv ölkələri Ermənistana monitorinq missiyası göndərməyə hazır olardı”, - Zaxarova bildirib.
“Əgər söhbət Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardımından gedirdisə, Rusiya burada ən yüksək səviyyədə üçtərəfli sazişlərin bütün spektrinə, o cümlədən 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il bəyanatlarına əsaslanır. Məhz onlar Bakı ilə İrəvan arasında münasibətlərin həlli prosesinin irəliləməsi üçün etibarlı zəmin yaradırlar. Təbii ki, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq. Ona görə də biz vasitəçi kimi həmişə bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqe tuturuq və mən çox ümid edirəm ki, Ermənistanda insanlar bundan xəbərdardır”, - diplomat qeyd edib.
Turan İSMAYIL