Azərbaycanın İsrailə təyin etdiyi ilk səfirin  DOSYESİ

 13:55 30.12.2022     445

İsrail mətbuatında Azərbaycanın bu ölkəyə səfir təyin etməsilə bağlı məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, məlumat "The Times of Israel" nəşrində dərc olunub.

Bildirilib ki, Azərbaycanın elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Təl-Əvivə səfir təyin olunub.

Qeyd olunub ki, sözügedən təyinat Azərbaycan XİN başçısının müavini Fariz Rzayevin İsrailə rəsmi səfərindən sonra gerçəkləşib.

Qeyd edək ki, M.Məmmədovun Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin olunması ilə bağlı hələ ki rəsmi sərəncam dərc olunmayıb.

Muxtar Məmmədovun tərcümeyi-halını təqdim edirik:

Muxtar Məmməd oğlu Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 2020-ci il 23 iyun tarixli sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis, rus və türk dillərini bilir.
Evlidir, iki övladı var.