"Sülhə gedən yol kommunikasiyaların açılmasından keçir" - Hikmət Babaoğlu

 17:05 05.01.2023     714

“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın strateji hədəflərindən biridir.

Onun fikrincə, Zəngəzur dəhlizinin açılması tarixi ədalətin, Azərbaycana qarşı edilmiş haqsızlıqların bərpa olunmasıdır.

"Nəhayət, Zəngəzur dəhlizinin açılması Naxçıvanla Azərbaycanın quru əlaqələrinin yenidən bərpa olunması deməkdir. Ona görə də tarixi zəfərimizdən sonra imzalanan üçtərəfli bəyanat Zəngəzur vasitəsilə maneəsiz, quru yolunun çəkilməsi xüsusi maddələrdən biridir. Bu məsələ doqquzuncu bənddə öz əksini tapıb və Ermənistanın üzərinə götürdüyü öhdəçilikdir. Şübhəsiz ki, Azərbaycan gec və ya tez bu məqsədinə çatacaqdır. Ona görə də, Azərbaycan Prezidenti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bir daha bunu xatırlatmaqla, bir növ həm də Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmış oldu. Əks təqdirdə regionda bütün dəhlizlərin sərbəst şəkildə istifadə edilməsi ciddi şübhə altına alına bilər. Əgər doğrudan da, biz müharibədən sonra yeni bir tarixi mərhələyə qədəm qoyuruqsa və doğrudan da, əgər Ermənistan Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında mümkün sülhü qəbul edirsə, o zaman şübhəsiz ki, bu sülhə gedən yol da, kommunikasiyaların açılmasından keçir. Mən düşünürəm ki, bu milli enerjimizin səfərbər olunması və milli məqsədimizə çatılması baxımından Azərbaycan Prezidentinin xalqa müraciətində xüsusi olaraq öz əksini tapan bir müddəadır və əlbəttə ki, qarşımızda duran ümdə milli vəzifələrdən biridir”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI