"Fransa ilə ərazi qarşıdurmasında olan dövlətlərə dəstək verməliyik" - Deputat
Xəbər verdiyimiz kimi, Ermənistan və Fransa Laçın yolundakı vəziyyəti BMT vasitəsilə dəyişdirməyə can atırdılar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün ərzində Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı həyata keçirə bilmədi. Azərbaycanın ciddi diplomatik səyləri ilə Bəyanatdan əvvəlcə “Dağlıq Qarabağ” sözü çıxarıldı. Daha sonra sənəddə qeyd edilib ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün ola bilər.
Rəsmi Bakı öz tərəfdaşlarının köməyi ilə Bəyanatın mətnini o qədər yumşalda bilib ki, 6-7 redaksiya dəyişikliyindən sonra sənəd azərbaycanpərəst Bəyanata çevrilib. Bundan sonra rəsmi Paris sənəddən ümumiyyətlə imtina edib. Verilən məlumata görə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib.
Beynəlxalq siyasi arenada Fransanın Azərbaycana növbəti məğlubiyyətini Redaktor.az-a şərh edən millət vəkili Sahib Alıyev bildirdi ki, bu hadisə ilk dəfə baş vermir.
Onun sözlərinə görə, Fransa İkinci Qarabağ savaşının gedişi zamanı da Azərbaycan əleyhinə oxşar qətnamə qəbul etdirmək istəyirdi:
"Amma alınmadı. Sonra payızda Frankofoniya ölkələrinin zirvə görüşü zamanı da yenə o cür qərəzli, Azərbaycan əleyhinə yönələn, beynəlxalq hüquqa zidd bir qətnamə qəbul etdirmək istədi. Özünün dominant olduğu bir qurumda bunu etmək istədi, amma onda da alınmadı. Bu da növbəti cəhdi idi. Bu da göründüyü kimi fiaskoya uğradı. Əlbəttə, bu, ilk növbədə Azərbaycanın dünyadakı yüksək avtoritetindən xəbər verir. Bu, ondan xəbər verir ki, Rusiyanı çıxmaqla Azərbaycan MDB ölkələri içərisində BMT Təhlükəsizlik Şurasına heç də təsadüfən üzv seçilməmişdi. Bu ondan xəbər verir ki, heç də təsadüfən Azərbaycanın Qoşulmama Hərəkatı üçün böyük bir quruma sədrliyi daha bir il artırılmayıb. Yəni bütün bu baş verənlər ilk növbədə Azərbaycanın dünya dövlətləri arasındakı yüksək avtoritetindən xəbər verir".
Deputat qeyd etdi ki, məsələnin başqa tərəfi də var.
"Bu isə ondan ibarətdir ki, İkinci Qarabağ savaşında Fransanın Azərbaycana qarşı hərəkətləri düşmənçilik kimi xarakterizə oluna bilər və bu hərəkətlərin arxasında sadəcə Fransa Prezidenti Emmanuel Makronla, onun partiyadaşları yox, bütövlükdə Fransa siyasi “elita”sının razılaşdırılmış yanaşması olduğu görünür”, - deyə Sahib Alıyev bildirdi.
Parlamentarinin fikrincə, Fransa siyasətinin bütün spektrlərinin razılaşdırılmış mövqeyi ondan xəbər verir ki, belə cəhdlər gələcəkdə də olacaq:
“Biz bu cəhdləri sadəcə pisləməklə cavablandırmamalı, bizə qarşı düşməncəsinə hərəkət edən dövlətə yanaşmada daha təsirli addımlar atmalıyıq. Fransa öz torpaqlarından neçə min kilometr uzaqda 13 ərazini qamarlayıb ələ keçirib və öz torpaqları, hətta öz departamenti kimi təqdim edir. Fransa qoparılan torpaqların əsl sahibləri ilə qarşıdurmadadır. Biz həmin dövlətlərə bu məsələdə daha çox açıq dəstəyimizi göstərməliyik, bu, daha təsirli şəkildə olmalıdır. Eyni zamanda Fransanın özünün içərisində Korsika kimi Qarabağdakı haylardan qat-qat artıq azadlığı haqq edən insanların yaşadığı region var. Çünki haylardan fərqli olaraq korsikalılar öz müqəddəratlarını təyin etməyiblər və onların belə bir haqları var ki, onlara da öz müqəddəratını təyin etmək hüquqları tanınsın. Bu gün biz onlara da ardıcıl və davamlı dəstəyimizi ifadə etməliyik”.
Nərmin VÜQARQIZI