"Qərbi azərbaycanlıların hüquqları bərpa olunacaq" - Spiker

 19:13 09.01.2023     335

"Qərbi azərbaycanlıların hüquqları bərpa olunacaq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında çıxışı zamanı bildirib.

O, Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından hətta münaqişə başlamazdan öncə qovulduğunu deyərək, tarixi xəritələrin və sənədlərin də müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını sübut etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Spiker bildirib ki, tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistanın paytaxtı elan edilib. 1920-ci ildə isə sovet hökumətinin qərarı ilə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilib. Bu da Azərbaycanın öz Naxçıvan regionu və Türkiyə ilə coğrafi əlaqəsinin kəsilməsinə gətirib çıxarıb.

Bu ərazilərdə yaşayan azərbaycanlıların 20-ci əsrdə bir neçə dəfə deportasiyaya məruz qaldığını qeyd edən spiker deportasiyaların son mərhələsinin 1988-1991-ci illərdə baş verdiyini deyib. Qarabağda olduğu kimi, erməni tərəfi Qərbi Azərbaycanda da tarixi irsimizi məhv etmək məqsədi ilə ardıcıl olaraq bütün tarixi və dini abidələrimizi dağıdıb, Azərbaycan mənşəli şəhər və kəndlərin adlarını dəyişdirib.

Parlamentin rəhbəri Qərbi azərbaycanlıların hüquqlarının da bərpa olunacağına və onların öz doğma torpaqlarına geri qayıdacaqlarına olan qəti inamını tədbir iştirakçıları ilə bölüşüb.