Azərbaycan və İran spikerləri arasında görüş keçirilib   - YENİLƏNİB

 21:27 09.01.2023     357

Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a bildiriblər ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib.

Söhbət zamanı, həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb.

Redaktor.az İran mətbuatına istinadən xəbər verir ki, görüş Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.