"İran kimdir ki, İsraildə səfirlik açmağımıza qısqanclıq göstərsin?" - Fazil Mustafa

 16:45 11.01.2023     523

“Vacib olan İsraildə səfirliyin açılması idi. Təyin olunan səfirin keçmiş fəaliyyəti ilə bağlı elə dərin məlumatım  yoxdur. Ümid edirəm ki, Prezident, məsələni ciddi araşdıraraq konkret şəxsin üzərində durub. Təbii ki, bu, İsraillə bizim dostluğumuzun inkişaf etməsi baxımından çox önəmli bir addımdır və ümid edirəm ki, yaxın zamanlarda həm səfirliyin binasının açılışı, həm də səfirliyin fəaliyyəti ilə bağlı müsbət, pozitiv xəbərlər eşidəcəyik. İsraildə səfirliyin açılması və yeni səfirin təyin olunması iki ölkə arasındakı gələcək əlaqələrdə çox əhəmiyyətli rol oynayacaq”.

Bu fikirləri İsrailə təyin olunan ilk Azərbaycan səfiri ilə bağlı gözləntilərini Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib. Millət vəkili anti-Azərbaycan mövqeyində dayanan qonşu İranın ölkəmizin İsrailə səfir təyin etməsinə necə reaksiya verəcəyi barədə sualımızı da cavablandırdı:

"Biz müəyyən bir dövrə qədər ayrı-ayrı ölkələrin, İslam dünyasının müəyyən həssaslığını nəzərə alaraq bəlli addımları atmaqdan müəyyən dərəcədə ləngimə yolunu tutduq. Amma biz gördük ki, qonşu dövlətlər artıq öz istədiyi kimi Azərbaycanın maraqlarına zərbə vurmağa çalışır, onda Azərbaycan artıq öz maraqları baxımından nə uyğundursa, onu da yerinə yetirməyə başladı. İran kimdir ki, qısqanclıq göstərsin? İran Qafanda konsulluq açanda bizdən soruşdumu? Bizim İsraildə səfirliyimizin açılmasının İrana nə aidiyyəti var? Orada boş-boş danışırlar. Bəs, kimlə əməkdaşlıq eləyək? Erməniyə dəstək verən İranla əməkdaşlıq edək? Bizim səfirlik açmamız hansısa bir dövlətə qarşı çevrilməyib. Yəni bu baxımdan da burada, açığı, başqa irad bildiriləsi heç bir məqam yoxdur ki, nə İran, nə də başqa ölkələr bizə bunu irad bildirsinlər. Bizim İslam Əməkdaşlıq Təşkilatı ilə çox ciddi əlaqələrimiz var, üstəlik eyni zamanda Fələstində də diplomatik nümayəndəliklərimizi açdıq və İsraildə də açırıq. Biz balansı saxlayaraq bu addımları atırıq və hər kəs görür ki, Azərbaycan bunu ancaq xoş niyyətlə, sırf iqtisadi, siyasi əlaqələri genişləndirmək məqsədi ilə edir. Azərbaycanın başqa ölkəyə qarşı çevrilən heç bir tələbi yoxdur. Əgər olsa, onda irad bildirmək olardı. Amma konkret olaraq İranın Qafanda – heç bir dənə də olsun farsın, azərbaycanlının yaşamadığı yerdə konsulluq açmasının heç bir məntiqi izahı yoxdur. Amma İsrailə gedən yüzlərlə Azərbaycan vətəndaşları var. Çoxu heç vətəndaşlığını da dəyişməyiblər, amma İsraildə yaşayırlar. Ona görə də bu, vətəndaşların marağını düşünərək atılan məsələ kimi qiymətləndirilməlidir”, - deyə Fazil Mustafa vurğuladı.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərmin VÜQARQIZI