Zaxarovadan Ermənistana sərt CAVAB: "Sxolastika ilə məşğul olmaqdansa..."

 10:35 12.01.2023     547

Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Əgər erməni tərəfdaşlar həqiqətən də müəyyən edilmiş problemlərin üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə uyğun olaraq həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları qüvvədə qalır”, - diplomat bildirib.

Zaxarova xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırılıb, iki ölkə liderləri buna razılaşıblar. "Onun keçirilməsi üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi idi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu”, - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, İrəvan Rusiyanın təklifləri çərçivəsində "Dağlıq Qarabağ" münaqişəsinin həlli ilə bağlı sənəd imzalamağa hazırdır. Bu bəyanatı şərh edən Zaxarova qeyd edib ki, eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. “Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri həm Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, həm də münaqişənin Qərb tərəfindən irəli sürülən hansısa “hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb”, - o xatırladı.

Zaxarovanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh müqaviləsinin hazırlanmasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması, 2022-ci ilin oktyabrında Praqada keçirilən sammitin yekunlarına dair bəyanatda öz əksini tapması danışıqlar prosesinin məntiqini kökündən dəyişib. "Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etdi. O dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı nəzərə almamaq çox çətindir”, - diplomat yekunlaşdırıb.

Turan İSMAYIL