"Belə murdarlarla sülh sazişi imzalanmasın" - Elman Məmmədov

 13:16 13.01.2023     610

Vətən müharibəsinin bitməsindən iki il keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Dəfələrlə, bir sıra dövlətlərin təşkilatçılığı ilə görüşlər keçirilsə də, yekun nəticə əldə olunmayıb.

Bəs, 2023-cü ildə sülh müqaviləsinin imzalanması gözlənilirmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bu cür gözlənti hələ 2021, 2022-ci illərdə də var idi.  

Onun sözlərinə görə, Azərbaycan sülhpərvər siyasətini, təkliflərini hər zaman təqdim etsə də, lakin qarşı tərəf, yəni terrorçu, cinayətkar, işğalçı qurum, Ermənistan deyilən dövlət hər dəfə bir bəhanə ilə aranı qarışdıraraq müxtəlif bəhanələr gətirdi və təxribatlar törətdi:

“Bu gedişat ilə, onların belə hərəkətləri ilə bunlarla sülh sazişinin imzalanması məsələsi bir az qaranlıq görsənir. Ancaq məsələ burasındadır ki, cənab prezidentimiz elə bu günlərdə yerli televiziyalara verdiyi müsahibəsində də bu məsələyə çox geniş şəkildə toxundu, fikirlərini bildirdi ki, sülh sazişinin bağlanması bizdən çox Ermənistana lazımdır. Çünki dövlət adlanan bu qurum bu gün faktiki olaraq, bütün sahələrdə iflasa uğramış fəlakətli bir vəziyyətdə, bir növ blokada vəziyyətində qalıb. İndi bu günlərdə məlumat verildi ki, bunların ən güclü təminat yolu olan Rusiyadan gəlib, Gürcüstandan keçib Ermənistana gələn  “Lars” Gömrük-Keçid məntəqəsində 1200-dən çox Ermənistan yük maşınları qalıb. Digər bir təminat yolları İrandandır. Bunlar da bağlananda onlar dəhşətli, fəlakət içərisində qalırlar. Sülh müqaviləsinin imzalanmasını biz təklif edirik. Bunlar da guya deyirlər ki, biz də istəyirik. Ancaq bunlar elə şərtlər qoyurlar, elə hərəkətlər edirlər, elə təxribatlar törədirlər ki, bunlarla sülh müqaviləsinin bağlanması qeyri-mümkün görünür. Sərhədlərin müəyyənləşməsi məsələsində, delimitasiya məsələsində yenə həmin təxribatlar törədilir, qeyri-konstruktiv şərtlər irəli sürürlər. Sülh müqaviləsinin bağlanması üçün bir neçə ilkin şərt nədən ibarətdir? İki ildən çoxdur faktiki müharibə qurtarıb. 44 günlük Vətən müharibəmizi biz qələbə ilə, zəfərlə başa vurmuşuq. Bu iki ildən artıq bir müddətdə həm Rusiyanın vasitəçiliyi ilə, həm Avropa İttifaqının, Qərbin vasitəçiliyi ilə nə qədər görüşlər keçirilib, bu görüşlərdə bəyanatlar verilib, sənədlər imzalanıb”.

Millət vəkili onu da qeyd etdi ki, Ermənistan tərəfindən sənədlərdə onların öhdəsinə düşən tələblərin heç biri yerinə yetirilmir:

“Bizim ərazimizdə bu günə qədər Ermənistan dövlətinə məxsus silahlı birləşmələr qalmaqda davam edir. İndi bunlar erməni bicliyi ilə onların o hərbi xidməti başa vurmuş hissəsinə mülki geyim geyindirib, guya bunlar mülki insanlardır, hərbçi deyillər. Bu fırıldaqlara əl atırlar, ancaq faktiki bu hərbi kontingent ərazimizdə qalmaqda davam edir. Hələ də bunlar bizim suverenliyimizi qəbul etmək istəmirlər, sərhəddə təxribatlar törədirlər. İki ildən artıq bir müddət keçməsinə baxmayaraq, biz bunlara Laçın dəhlizi vermişdik. İndi də artıq dəhliz söhbəti qurtarıb. İndi yol var. Xankəndidən Laçın istiqamətində Ermənistana gedən yol var. Bu yolda 33 gündür ki, bizim dinc aksiyaçılar öz nəzarətlərini qoyublar. Bu nəzarət bir az da başqa formalarda güclənəcək. Bəs bunlar Zəngəzur dəhlizini bizə veriblərmi? Verməyiblər. Bax, belə şərtlər olmayandan, yerinə yetirilməyəndən sonra bunlarla sülh sazişi bağlamaqdan söhbət gedə bilməz. İndi cənab prezidentimiz də dedi ki, biz lazım olan yerdə durmuşuq. Biz tarixi sənədlərə, xəritələrə və sairəyə əsaslanırıq. Deyirik ki, bax sərhəd burdan keçir, orda da durmuşuq. İndi sizə lazımdırsa ki, bu delimitasiya olsun, siz xahiş etməlisiniz, can atmalısınız. Siz bundan ötrü narahat olmalısınız. Buna görə də, Azərbaycan tək Ermənistana yox, eyni zamanda, o vasitəçilərə də, beynəlxalq qurumlara da, ermənipərəst dövlətlərə də, qeyri-ermənipərəst dövlətlərə öz şərtlərini, öz təkliflərini təqdim edib və bunlar da beynəlxalq hüquqa əsaslanan qəbul olunan təkliflərdir. Bu təkliflərə irad tutan, etiraz edən olmayıb. Heç hətta Ermənistan da etiraz etməyib. Ancaq bunlar qeyri-müəyyən şərtlər, təkliflər verirlər, qeyri konstruktiv mövqedə dururlar”.

Elman Məmmədovun fikrincə, ermənilər pis uşaqlar kimi cığallıq etməklə məşğuldurlar.

“Belə olan tərzdə heç qoy, bunlarla sülh sazişi imzalanmasın. Heç belə murdarlarla, cinayətkarlarla, terrorçularla, işğalçılarla sülh sazişinin imzalanmasında Azərbaycan maraqlı da olmayacaqdır. Qoy onlar yalvarsın, onlar xahiş etsin, onlar minnət etsin ki, bizlə sülh sazişi bağlayın ki, biz yaşaya bilək, inkişaf edə bilək, bugünkü vəziyyətdən çıxa bilək. Yəqin ki, indi bunlara rəhbərlik edənlər və bunları xaricdən idarə edənlər bu qurumun yaşamasında maraqlı deyillər. Elə bunlar öz hərəkətləri ilə istəyirlər ki, bu dövlət adlanan qurum məhv olsun getsin. Onlar maraqlı deyilsə, Azərbaycan da maraqlı olmayacaq. Ancaq ümumi götürəndə Azərbaycan öz xarici siyasətində qonşularla sülhə, əməkdaşlığa, dinc yanaşı yaşamağa üstünlük verir və bunu bəyan edir. Gözləntilərimiz var inşallah. Əgər Ermənistan bundan əvvəlki dövrlərdəki kimi yenə özünün düşmənçilik, işğalçılıq, ərazi iddiası təkliflərindən əl çəkməsə, yəqin ki, bu, olmayacaq. Əgər düşmənçiliyindən, işğalçılığından ərazi iddialarından əl çəksə, ola bilər ki, sülh sazişi imzalanar. Yaşayaq, görərik”, - deyə deputat bildirdi.

Həmidə İbrahimova