Politoloq Rusiyanın Ermənistanı "vurması"nın səbəbini AÇIQLADI

 14:49 13.01.2023     604

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinq keçirib. O, çıxışı zamanı Ermənistan əleyhinə sərt və kəskin ifadələrdən istifadə edib.

Zaxarova vurğulayıb ki, Rusiya hərbi sərhədçiləri onilliklər ərzində Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə və sərhədlərinin mühafizəsinə mühüm töhfələr verirlər: "Bu, inkar edilə bilməyən obyektiv reallıqdır, üstəlik, əvvəllər Ermənistanın indiki rəhbərliyi Rusiyanın hərbi mövcudluğunun respublikanın milli maraqlarına uyğun olduğunu açıq şəkildə bəyan edirdi. Amma hərbçilərimizə qapını göstərməyə çağıran avantüristlər belə bir addımın real nəticələrini birmənalı şəkildə dərk etmirlər”. 

XİN rəsmisi onu da bildirib ki, Rusiya populizm üzərində deyil, Laçın dəhlizi ətrafında substantiv nizamlanma üzərində qurulub.

"Biz populizmlə deyil, Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün əsaslı iş görmək əzmindəyik. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı isə komissiya, kartoqrafik materiallarla təminatla biz ardıcıl olaraq müvafiq ikitərəfli münasibətlərin fəaliyyətini dəstəkləyirik". 

"Əgər erməni tərəfdaşlar həqiqətən də müəyyən edilmiş problemlərin üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə uyğun olaraq həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları qüvvədə qalır”, - diplomat bildirib.

Zaxarova xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırılıb, iki ölkə liderləri buna razılaşıblar. "Onun keçirilməsi üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi idi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu”, - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, İrəvan Rusiyanın təklifləri çərçivəsində "Dağlıq Qarabağ" münaqişəsinin həlli ilə bağlı sənəd imzalamağa hazırdır. Bu bəyanatı şərh edən Zaxarova qeyd edib ki, eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. “Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri həm Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, həm də münaqişənin Qərb tərəfindən irəli sürülən hansısa “hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb”, - o xatırladı.

Zaxarovanın sözlərinə görə, İrəvanın Bakı ilə sülh müqaviləsinin hazırlanmasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağa razı olması, 2022-ci ilin oktyabrında Praqada keçirilən sammitin yekunlarına dair bəyanatda öz əksini tapması danışıqlar prosesinin məntiqini kökündən dəyişib. "Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiq etdi. O dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı nəzərə almamaq çox çətindir”, - diplomat yekunlaşdırıb.

Maraqlıdır, Rusiya nə üçün birdən-birə mövqe dəyişdirib? Onun məqsədi nədir, Azərbaycanı dəstəkləmək, yoxsa, Qərbin adamı sayılan Nikol Paşinyana etiraz?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, bunun səbəbi Ermənistanın itaətdən çıxmaq istəməsidir.

“Ermənistan münaqişə vasitəsi ilə Rusiyadan canını qurtarıb Qərbə doğru üz tutmaq istəyir. Bu sualın çox sadə izahı var. Ermənistanda qurulan siyasi üsul və idarələr Rusiyadan fərqlidir, amma Azərbaycanda olan üsul və idarəetmə sistemi Rusiya ilə üst-üstə düşür. Yəni mənəvi, siyasi cəhətdən Azərbaycan Rusiyaya daha yaxındır. Sadəcə ermənilər rusun əsarətindən qurtulmaq istəyir deyə artıq Ermənistan hakimiyyəti mənfi qiymətləndirilir. Azərbaycanlılar da, ermənilər də Rusiyanın heç vecinə də deyil. Biz onlar üçün heç kim və heç nəyik. Rusiya yalnız öz iqtisadi, siyasi və geosiyasi maraqlarını güdür”, - deyə o, qeyd etdi.

Nərmin VÜQARQIZI