Fransız spiker Minsk qrupu çərçivəsində dialoqa qayıtmağa ÇAĞIRDI

 14:36 13.01.2023     298

Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu daxilində dialoqa qayıtmağa çağırıb.

Redaktor.az “Armenpress”ə istinadla xəbər verir ki, o, bu barədə Ermənistan parlamentində keçirdiyi mətbuat konfransında bildirib.

“Hesab edirəm ki, bu gün tərəflər arasında dialoqa qayıtmaq vacibdir. Minsk qrupu mövcud dialoq platformalarından biridir. Təbii ki, bu, tək deyil, çox vacib platformadır. Və bu gün çox vacibdir ki, bütün iştirakçı tərəflər bu dialoqa qayıtmağa razı olsunlar. Biz parlamentarilər də Minsk qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq”, - Yael Bron-Pive bildirib.

O, həmçinin vurğulayıb ki, bu, dialoqa qayıtmağın yeganə yolu deyil. Vəziyyəti azaltmaq üçün bütün tədbirlər görülməlidir.

Ermənistan parlamentininspikeri Alen Simonyan isə əlavə edib ki, bu gün Minsk qrupunun həmsədrliyi formatını müəyyən dərəcədə əvəz etməyə çalışan 1 və ya 2 başqa format var. “Lakin qeyd etmək lazımdır ki, Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa əməkdaşlığa hazır olduqlarını və bundan sonra da davam edəcəklərini dəfələrlə bəyan ediblər. Rusiya Federasiyasının da bəyanatı var ki, onlar bu formatın mövcudluğu və gələcəyi ilə bağlı məsələləri müzakirə etməyə hazırdırlar”, - Simonyan bildirib.

O vurğulayıb ki, Fransa və Moskvanın təşəbbüsü ilə bu problemlə məşğul olan 1-2 format var və onlar heç də az əhəmiyyət kəsb etmir. Ona görə də Simonyan hesab edir ki, Minsk qrupu məsələsini gündəmdə saxlamaqla yanaşı, bütün digər mövcud formatları, eləcə də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Praqada formalaşdırılmış formatı inkar etmək lazım deyil.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həll olunduğunu və münaqişənin həlli üçün beynəlxalq səviyyədə tanınmış formata ehtiyac olmadığını bəyan edib.

Turan İSMAYIL