“Azərbaycanla sülh sazişi imzalamaq Paşinyan rejiminin sonunu gətirəcək” - Deputat
Xəbər verdiyimiz kimi, ötən günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsini xüsusilə vurğulayıb.
Azərbaycanın üçüncü müharibəni başlamaq fikri olmadığını qeyd edən Prezident deyib ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır: “Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.
Maraqlıdır, Prezident "2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq" fikri ilə nə demək istəyir?
Məsələni Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu dedi ki, Prezident yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu və hər şeydən öncə Ermənistanın ölkəmizə qarşı təxribatlarını davam etdirdiyini və nələrəsə ümid etdiyini də səsləndirdi:
“Yaxşı xatırlayırıq ki, 2022-ci ildə Ermənistan sərhəd boyunca genişmiqyaslı hərbi təxribatlar törətdi. Bu təxribatların qarşısını almaq məqsədilə Azərbaycan tərəfi “Fərrux”, “Qisas” və digər əməliyyatları keçirdi. Azərbaycan erməni təxribatlarının qarşısını almaqla yanaşı, həm də çox böyük əhəmiyyət kəsb edən yüksəkliklərə öz nəzarətini təmin etdi. Cənab Prezidentin vurğuladığı məqamlardan biri də ondan ibarət idi ki, biz o yüksəkliklərə nəzarət edirik ki, Ermənistanın Azərbaycana qarşı istənilən təxribat cəhdinin qarşısını anındaca effektiv şəkildə ala bilirik və təbii ki, bunu ölkə prezidenti Azərbaycanın Ermənistana vermiş olduğu dərs kimi qeyd etdi. Ermənistan hər vasitə ilə yekun sülh sazişini imzalamaqdan yayındı və bu gün də bu istiqamətlərdə cəhdlər edir. Səbəb ondan ibarətdir ki, Ermənistan ağır məğlub tərəf olaraq Azərbaycanla yekun sülh sazişi imzalamaq istəmir. Çünki bu, Paşinyan rejiminin sonunu gətirəcək. Paşinyanın da hakimiyyətdə qalmasında maraqlı dairələr var. Çünki onu hakimiyyətə gətirənlər onun qarşısına konkret vəzifələr qoyub. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində isə Paşinyan praktiki olaraq heç bir addım ata bilməyib. Ona görə də hələlik Paşinyan bir alət olaraq bəlli dairələrə gərəkdir”.
Deputat onu da bildirdi ki, iki dövlət arasındakı münasibətlərin normallaşması istiqamətində Azərbaycan öz iradəsi ilə prosesləri idarə edir.
“Birincisi, beynəlxalq müstəvidə Azərbaycanın irəli sürdüyü şərtlərə əsasən, münasibətlərin tənzimlənməsi istiqamətində mövqelər sərgilənməkdədir. Bu, Azərbaycanın artıq siyasi, strateji qələbəsi kimi qiymətləndirilə bilər. Cənab Prezidentin strateji baxışları diplomatik müstəvidə mövqelərimizi hər zaman keçərli edir. Hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində biz çox mühüm siyasi-strateji qələbəmizi qazanmışıq. Azərbaycanın mövqelərinin qəbul olunması və ümumən bizim maraqlarımıza uyğun mövqelərin sərgilənməsi, hesab edirəm ki, ilkin mərhələdə bizim vacib qələbəmizdir və təbii ki, cənab Prezident bundan sonrakı addımlarımızın təsirli olacağına əmindir. Ona görə də 2023-cü ildə proseslərin sona çatdırılması ehtimallarını səsləndirmiş oldu. Biz həm hərbi, həm iqtisadi, həm də siyasi-diplomatik cəhətdən təcavüzkar Ermənistandan qat-qat güclüyük. Yəni Azərbaycanla Ermənistan arasında heç bir sahə üzrə müqayisə aparmaq mümkün deyil. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə də kifayət qədər təsir imkanlarına malikdir. Azərbaycanın haqq səsini eşidirlər. Eşitmək arzusunda olmayanlar belə buna reaksiya nümayiş etdirmək məcburiyyətindədirlər. Çünki indiki zaman Azərbaycana çox böyük ehtiyac var. Azərbaycanla enerji sahəsində əməkdaşlığa çox böyük zərurət mövcuddur. Azərbaycan həm də etibarlı tərəfdaşdır. Ona görə də təbii ki, hətta qərəzli şəkildə Azərbaycana münasibətdə müəyyən mövqelər sərgiləyən dairələr də Azərbaycanla hesablaşmaq məcburiyyətindədirlər. Bu reallığı da formalaşdıran Azərbaycan Prezidentinin strateji baxışlarıdır. Ona görə də cənab prezident məhz öz resurslarımıza söykənərək Ermənistanın yekun sülh sazişi imzalayacağına inamını ifadə etdi", - deyən Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan bu gün prosesləri əsasən sülh elementləri ilə idarə edir:
"Amma nəzərə almaq lazımdır ki, bizim çox güclü hərbi potensialımız mövcuddur və bu gücümüzü davamlı olaraq artırırıq. Ona görə də biz bir çox hallarda sülh yolu ilə hərəkətləndirdiyimiz proseslərə hərbi elementlər qata bilmə imkanımızı nümayiş etdiririk. Bunu da Ermənistan və havadarları çox aydın şəkildə görür və dərk edirlər. Ona görə də hesab edirəm ki, 2023-də proseslərdə bizim haqlı maraqlarımıza uyğun reallıqlar ortaya çıxacaq”.
Nərmin VÜQARQIZI