Səfirimiz etimadnaməsini İtaliya Prezidentinə təqdim etdi - FOTO

 22:40 13.01.2023     309

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib.

Redaktor.az xəbər verir ki, İtaliya Respublikasının Prezident sarayındakı rəsmi mərasimdən sonra keçirilmiş görüş zamanı səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin Sercio Mattarellaya salamlarını və ən xoş arzularını çatdırıb.

Son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə İtaliya arasında dostluq və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu bildirən səfir, bu münasibətlərin 2020-ci il fevralın 20-də Roma şəhərində “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyib. R.Aslanov, həmçinin iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini və bu xüsusda, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının ölkələrimiz, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prezident Sercio Mattarella da öz növbəsində, salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. 2018-ci ildə ölkəmizə səfərini, Azərbaycan Prezidentinin isə 2020-ci və 2022-ci illərdə İtaliyaya səfərlərini məmnuniyyətlə xatırladığını deyib. Sercio Mattarella İtaliya ilə Azərbaycan arasında münasibətlərin dostluq və strateji tərəfdaşlığa əsaslandığını, enerji, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Sercio Mattarella səfir R.Aslanova İtaliya Respublikasındakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.