Milli Assambleyanın anti-Azərbaycan qətnaməsi hökumət üçün məcburi deyil - Fransız spikerdən ETİRAF

 11:49 16.01.2023     381

"Mən bura parlament nümayəndə heyəti ilə ötən ilin noyabrında qəbul etdiyimiz qətnamədən sonra Ermənistan və Ermənistan xalqı ilə həmrəyliyimizi və qardaşlığımızı bir daha təsdiq etmək üçün gəlmişəm".

Redaktor.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pivet İrəvana səfəri zamanı "Armenpress"ə müsahibəsində bildirib.

Fransanın Laçın dəhlizinin bağlanmasını pislədiyini deyən fransız siyasətçi əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron iki dəfə BMT Təhlükəsizlik Şurasının sessiyası çərçivəsində Ermənistandakı vəziyyətin müzakirəsi təşəbbüsü ilə çıxış edib.

"Ötən ilin oktyabrında onun təşəbbüsü ilə Praqada dördtərəfli görüş keçirilib və nəticədə müəyyən razılıq əldə olunub. Başqa sözlə, Fransanın səyləri təkcə bəyan etdiyimiz həmrəyliklə deyil, həm də regionda sülhün bərpasına yönəlmiş ən yüksək beynəlxalq səviyyədə çox konkret hərəkətlərlə məhdudlaşır. Oktyabrın 6-da Praqada keçirilən bu görüşün nəticələrindən biri də gərginliyin azaldılmasına səbəb olan Ermənistanla sərhəddə Avropa İttifaqı monitorinq qrupunun yerləşdirilməsidir. Hesab edirəm ki, Avropa İttifaqı ilə bu istiqamətdə səylər davam etdirilməlidir. Bu mənada biz Azərbaycan prezidenti Əliyevin tənqidini başa düşmürük, çünki Fransa həmişə sülh prosesinin lehinə, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi və Cənubi Qafqazın sabit regiona çevrilməsinin lehinə hərəkət etmək istəyib. Və biz hesab edirik ki, Azərbaycan da sülhün bərqərar olmasında bu məqsədə şərikdir, ona görə də bu sülhün bərqərar olmasına gətirib çıxaracaq addımlar atmaq, xüsusilə Laçın dəhlizini açmaq, Azərbaycanda həbsdə olan hərbi əsirləri azad etmək lazımdır. Biz hər zaman bütün tərəflərlə dialoqa hazırıq, çünki inanırıq ki, regionda daimi sabitliyi yalnız sülh təmin edə bilər", - deyə Yael Bron-Pivet jurnalistin "Azərbaycan prezidenti Əliyevin Fransaya qarşı tənqidinə münasibətiniz necədir?" sualını cavablandırarkən bildirib.

Spiker ötən ilin sonunda Fransa Milli Assambleyasının Ermənistanı dəstəkləyən qətnamə və Azərbaycana qarşı sanksiyalar təklifi qəbul etməsinə baxamayaraq, lakin sonradan Fransa Xarici İşlər Nazirliyinin "qəbul edilmiş qətnamənin mətni ölkə hökumətinin rəsmi mövqeyi deyil" bəyanatını da şərh edib.

"Doğrudan da, Milli Assambleyanın mövqeyi müstəqil mövqedir, o, yalnız deputatların mövqeyini təmsil edir. Və yekdilliklə qəbul edilsə belə, yenə də hökumət üçün məcburi olmayacaq. Hökumətin öz ideyaları ola bilər və qətnamədə deyilənlərin hamısını tam paylaşmaya bilər. Təbii ki, üsullar fərqli olsa da, bizim və hökumətin məqsədləri eynidir. Biz ilk növbədə ortaq razılığa gəlmək üçün hökumətlə dialoqu davam etdiririk, amma məqsədlər eynidir, yəni bizim ixtiyarımızda olan vasitələrlə, yerimizi və rolumuzu nəzərə alaraq regionda sülhə nail olmaqdır. Bildiyiniz kimi, Fransa müxtəlif platformalarda fəaliyyət göstərir, istər ikitərəfli münasibətlər, istərsə də Avropa platformalarında çoxtərəfli münasibətlər. Məqsəd isə bu məsələnin sülh yolu ilə həlli naminə dünya birliyini, beynəlxalq ictimaiyyəti birləşdirməkdir. Və bu nizamlanma, əlbəttə ki, Ermənistanın ərazi bütövlüyünə hörmət və müdafiəni, eləcə də "Dağlıq Qarabağ" əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasını əhatə etməlidir", - deyə Yael Bron-Pivet bildirib.

Turan İSMAYIL